Bakı.Trend:
Qırğızıstan İssık-Kul gölünün qorunması üçün yaradılması təklif olunan BMT-nin birgə trest fonduna ilkin olaraq 10 milyon dollar vəsait ayırmağa hazırdır.
Bunu Qırğızıstan Prezidenti Sadır Japarov cümə axşamı Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində çıxışı zamanı bildirib.
“Qırğızıstan BMT-nin himayəsi altında İssık-Kul gölünün qorunması üçün xüsusi birgə trest fondunun yaradılmasını təklif edir. Biz bu fonda ilkin olaraq 10 milyon ABŞ dolları məbləğində vəsait ayırmağa hazırıq”, - deyə o bildirib.
Prezident qeyd edib ki, fondun yaradılması həssas dağ ekosistemlərinin qorunması üçün praktiki mexanizm rolunu oynaya bilər.
Onun sözlərinə görə, fond ekoloji problemlərin həlli üçün müasir texnologiyaların, elmi ekspertizanın və beynəlxalq maliyyələşmənin cəlb edilməsinə də imkan verəcək.
Sadır Japarov sammit iştirakçılarını 2027-ci ilin oktyabrında BMT ilə birgə Bişkekdə keçiriləcək “Bişkek+25” İkinci Qlobal Dağ Sammitində iştirak etməyə dəvət edib. Tədbir dağlıq regionların inkişafına dair beynəlxalq fəaliyyətin beşilliyi çərçivəsində yekun tədbir olacaq.
Qeyd edək ki, Azərbaycanın Sədrliyi ilə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) Yeddinci Sammiti keçirilir.
İclasda 2022-ci ildə AQEM-in transformasiyasına start verildikdən bəri əldə olunmuş inkişaf, eləcə də Azərbaycanın Sədrliyinin təşkilatın möhkəmləndirilməsi və Üzv Dövlətlər arasında praktiki əməkdaşlığın irəlilədilməsi sahəsindəki nailiyyətləri nəzərdən keçiriləcək.Tədbirdə dövlət və hökumət başçıları, AQEM-ə üzv dövlətlərin, müşahidəçi dövlətlərin, müşahidəçi təşkilatların və tərəfdaş qurumların nümayəndə heyətləri iştirak edirlər.
Sammit beynəlxalq münasibətlərdə, o cümlədən Asiyada
dövlətlərarası ziddiyyətlərin kəskinləşdiyi, münaqişələrin
alovlandığı və yeni münaqişə ocaqlarının yaranması ilə müşahidə
olunan mürəkkəb mühitdə üzv dövlətlər arasında dialoq və etimad
quruculuğu məsələlərinin müzakirəsi üçün mühüm fürsət təşkil
edir.
Laosun yeni üzv qismində AQEM-ə qəbul edilməsi sammitin ən
əlamətdar nəticələrindən biri hesab olunur. Tədbir AQEM
çərçivəsində fəaliyyətin təşviqi və ayrı-ayrı istiqamətlər üzrə
əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində sənədlərin qəbulu ilə
əlamətdar olacaq.
Sammitin ən mühüm siyasi sənədi kimi Bakı Bəyannaməsinin qəbulu gözlənilir. Sənəddə Azərbaycanın AQEM-ə sədrliyi bütün dövlətlər tərəfindən təqdir edilir, iki il ərzində müxtəlif istiqamətlər üzrə irəli sürülmüş təşəbbüslər və keçirilmiş tədbirlər alqışlanır. Sənəddə həmçinin, beynəlxalq nizamın təşviqi, hərbi-siyasi, iqtisadi, ətraf mühit kimi sahələrdə risklərlə mübarizə yollarına dair konkret müddəalar öz əksini tapır. Bakı Bəyannaməsində dözümlülük və sivilizasiyalar arası dialoqun təşviqi, təhlükəsizlik və rifah naminə elm, təhsil və innovasiyalardan istifadənin irəlilədilməsi, o cümlədən süni intellektin inkişafından qaynaqlanan imkan və risklərə xüsusi diqqət yetirilir.Bakı Bəyannaməsindən əlavə, sammitdə Əməyin təhlükəsizliyi və sağlamlığı mövzusunda ayrıca bəyanatın da qəbulu nəzərdə tutulur.
