TAP "OGMP 2.0" çərçivəsində qızıl hesabatlılıq standardı əldə edib

İqtisadiyyat Xəbər 15 Oktyabr 2026 20:23 (UTC +04:00)
TAP "OGMP 2.0" çərçivəsində qızıl hesabatlılıq standardı əldə edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) konsorsiumu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) himayəsi altında həyata keçirilən Neft və Qaz Sənayesində Metan Emissiyalarının Azaldılması üzrə Tərəfdaşlıq (OGMP 2.0) çərçivəsində qızıl hesabatlılıq standartına nail olub.

Bu barədə TAP AG şirkəti cümə axşamı məlumat yayıb.

Qızıl standarta nail olmaq üçün şirkətlər OGMP 2.0 çərçivəsində ən yüksək hesabatlılıq səviyyəsinin tələblərinə cavab verməlidirlər. Bu səviyyə emissiyalarla bağlı ayrı-ayrı mənbələr üzrə məlumatların istehsal obyektləri səviyyəsində aparılan ölçmələrin nəticələri ilə tutuşdurulmasını nəzərdə tutur.

“Bu tanınma TAP-ın metan emissiyaları ilə bağlı hesabatlılığın keyfiyyətinin, şəffaflığının və etibarlılığının artırılması istiqamətində səylərində mühüm mərhələdir. Bu, fəaliyyətimiz çərçivəsində metan emissiyalarının ölçülməsi, hesabatlılığı və idarə olunmasının yüksək səviyyədə olduğunu təsdiqləyir. Gələcəkdə də bu iş metan emissiyalarının azaldılması, fəaliyyətimizin karbonsuzlaşdırılması, eləcə də TAP-ın dayanıqlılığının və enerji bazarının dəyişən şərtlərinə uyğunlaşmağa hazırlığının təmin edilməsi üzrə daha genişmiqyaslı səylərin tərkib hissəsi olaraq qalacaq”, – deyə konsorsiumdan bildirilib.

Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa hissəsidir. Bu boru kəməri vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qaz Avropa bazarlarına çatdırılır. Boru kəmərinin uzunluğu 878 kilometrdir. Kəmər Yunanıstan-Türkiyə sərhədindən başlayır, Yunanıstan və Albaniyadan keçir, Adriatik dənizini aşaraq İtaliyanın cənub sahillərinə çıxır.

Ötürücülük gücünü artırmaq imkanına malik olan TAP Avropaya qaz tədarükünün şaxələndirilməsində və Xəzər qazının ixracı hesabına enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır.

Bu günədək boru kəməri vasitəsilə Avropaya 60 milyard kubmetrdən çox təbii qaz nəql edilib. Bunun 50 milyard kubmetri İtaliyanın payına düşür

Məqalədə:

Xəbər lenti

Xəbər lenti