“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb

Energetika Xəbər 15 Oktyabr 2026 16:42 (UTC +04:00)
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib.

Bu barədə Energetika Nazirliyinin məlumatında bildirilib.

Məlumata əsasən, “Azəri-Çıraq-Günəşli”dən 629,5 milyon ton neft, 254,7 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 55 milyon tona yaxın kondensat, 285,3 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə 682,5 milyon ton neft, 206,4 milyard kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, 20 sentyabr 1994-cü ildə 7 ölkədən 11 beynəlxalq neft şirkətinin iştirakı ilə AÇG yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında 30 illik Saziş imzalanıb. İlkin mərhələdə AÇG-dən 500 milyon ton neft hasil edilməsi hədəfi müəyyənləşdirilib.

2017-ci il sentyabrın 14-də AÇG üzrə saziş dəyişdirilərək yenidən işlənib və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb. Yenilənmiş sazişlə AÇG-nin işlənmə müddəti 2050-ci ilin sonunadək uzadılıb. Eyni zamanda, SOCAR-ın iştirak payı 11,65 faizdən 25 faizə yüksəldilib və Azərbaycana çatacaq mənfəət neftinin payı 75 faiz müəyyən edilib.

2019-cu il aprelin 19-da isə “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi üzrə yekun investisiya qərarı qəbul olunub. ACE platformasından ilk neft 2024-cü il aprelin 16-da hasil edilib. Layihənin istismar müddəti ərzində 300 milyon barel neft hasil edilməsi hədəflənir.

Məlumatda qeyd olunur ki, 2024-cü il sentyabrın 20-də AÇG-dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb. 2026-cı il iyunun 1-dən isə AÇG-də sərbəst təbii qaz hasilatına başlanılıb.

Hazırda AÇG-də iştirak paylarının 35,30 faizi SOCAR-a, 30,37 faizi BP-yə, 9,57 faizi "MOL Group"a, 9,31 faizi "INPEX"ə, 6,79 faizi "ExxonMobil"ə, 5,73 faizi TPAO-ya və 2,92 faizi "ONGC Videsh"ə məxsusdur.

"Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının inkişafı istiqamətində də yeni mərhələyə hazırlıq görülür. bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Həftəsi çərçivəsində jurnalistlərə bildirib ki, AÇG-nin dərin laylarında aşkar edilmiş yeni neft həlqəsindən hasilata bu ilin sentyabr ayında başlanılması planlaşdırılır.

O bildirib ki, şirkət yeni kəşf olunmuş neft ehtiyatlarının həcmini dəqiqləşdirmək üçün hasilat quyusu qazmağa başlayıb.

“Əvvəldən bu ərazidə neft ehtimalı mövcud olsa da, ehtiyatların dəqiq həcmi məlum olmayıb. Buna görə də neft həlqəsindən hasilata başlamaq və real göstəriciləri müəyyənləşdirmək məqsədilə quyu qazılıb. Bu quyu vasitəsilə həm də neft həlqəsinin ölçüsü və potensialı barədə daha dəqiq məlumat əldə ediləcək”, - o qeyd edib.

Cio Kristofoli bildirib ki, hasilatın sentyabr ayında başlanması planlaşdırılır və bu proses yeni kəşf olunmuş neft ehtiyatlarının həcminin müəyyənləşdirilməsində mühüm rol oynayacaq.

bp rəsmisi əlavə edib ki, quyudan əldə olunacaq məlumatlar yatağın gələcək inkişaf strategiyasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşıyır.

“Şahdəniz” yatağı isə Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə yerləşir və 140 kvadrat kilometrdən çox sahəni əhatə edir. 1999-cu ildə kəşf edilən yatağın ehtiyatları ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat təşkil edir.

Yatağın işlənməsi mərhələli şəkildə həyata keçirilib. 2003-cü ildə birinci mərhələ üzrə yekun investisiya qərarı verilib və 2006-cı ildə kommersiya hasilatına başlanılıb. 2013-cü ildə isə “Şahdəniz 2” layihəsi təsdiqlənib və 2018-ci ildən hasilata daxil olub.

Hazırda layihənin inkişafı növbəti mərhələdə – kompressiya layihəsi çərçivəsində davam etdirilir. 2,9 milyard dollar dəyərində olan bu layihə yataqda aşağı təzyiqli qaz ehtiyatlarının hasilatını artırmağı hədəfləyir və əlavə təxminən 50 milyard kubmetr qazın əldə olunmasına imkan yaradacağı gözlənilir.

Eyni zamanda, “Şahdəniz” layihəsi Azərbaycanda yerli sənaye potensialının və ixtisaslı kadrların inkişafına da mühüm töhfə verib. Layihə çərçivəsində minlərlə iş yeri yaradılıb, yerli tikinti və xidmət şirkətləri beynəlxalq enerji layihələrinə inteqrasiya olunub.

bp-nin məlumatına görə, “Şahdəniz” yatağının fəaliyyətdə olan infrastrukturunun hazırkı hasilat gücü sutkada təxminən 76,8 milyon standart kubmetr qaz və ya ildə təxminən 28 milyard kubmetr qaz təşkil edir.

“Şahdəniz” layihəsində iştirak payları aşağıdakı kimi bölüşdürülür: bp (operator) – 29,99 faiz, LUKOIL – 19,99 faiz, TPAO – 19 faiz, SGC – 16,02 faiz, NICO – 10 faiz, MVM – 5 faiz.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti