ING: Neftin qiymətinin hər barel üçün əlavə 10 dollar artması Azərbaycanın illik ixracını ÜDM-in 2-4%-i həcmində artıra bilər

İqtisadiyyat Xəbər 15 Oktyabr 2026 15:14 (UTC +04:00)
ING: Neftin qiymətinin hər barel üçün əlavə 10 dollar artması Azərbaycanın illik ixracını ÜDM-in 2-4%-i həcmində artıra bilər
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

Neftin qiymətinin hər barel üçün əlavə 10 dollar artması Azərbaycanın illik ixracını ÜDM-in 2-4%-i həcmində artıra bilər.

Bu barədə Niderlandın "ING Group" şirkətinin hesabatında bildirilib.

“Azərbaycan daha dayanıqlı mövqedədir: neftin yüksək qiymətləri ölkənin maliyyə ehtiyatlarını gücləndirir, dolların manata nisbətdə sabit məzənnəsi isə idxal olunan inflyasiyanı məhdudlaşdırır. İstehlak qiymətləri inflyasiyası 4% ± 2% hədəf diapazonunda olduğundan, uçot dərəcəsinin 6,50% səviyyəsində qalacağını gözləyirik”, – "ING Group"dan bildirilib.

Ümumilikdə, “ING Group”un MDB-4 ölkələrinin (Azərbaycan, Ermənistan, Qazaxıstan və Özbəkistan) faiz dərəcələri və valyutalarına dair baza ssenarisi müsbət olaraq qalır və əsasən daxili amillərlə müəyyən olunur.

ING-nin qiymətləndirməsinə görə, neftin bir barelinin qiymətinin hər əlavə 10 dollar artması Azərbaycanın və Qazaxıstanın illik ixracını ÜDM-in 2-4%-i həcmində artıra bilər. Bununla yanaşı, Azərbaycanda sabit valyuta məzənnəsi, eləcə də Qazaxıstanın ixrac həcmləri və dividendlər şəklində vəsait axınının dinamikası valyuta bazarına təsiri məhdudlaşdırır. Ermənistanda və Özbəkistanda isə neft qiymətlərinin analoji artımı idxal xərclərinin ÜDM-in təxminən 0,5%-i qədər yüksəlməsinə səbəb olacaq.

İnflyasiyaya gəlincə, ING qeyd edir ki, dünya ərzaq qiymətləri artıq illik ifadədə 6% artıb. Qrupun qiymətləndirməsinə əsasən, ərzaq qiymətlərinin daha 10% yüksəlməsi Qazaxıstan və Özbəkistanda inflyasiyanı təxminən 1 faiz bəndi, Ermənistan və Azərbaycanda isə 1,5-2 faiz bəndi sürətləndirə bilər.

Hesabatda bildirilib ki, inkişaf etmiş ölkələrdən və Yaxın Şərq ölkələrindən idxalın payı Ermənistanda 26%-dən Qazaxıstan və Özbəkistanda 35%-dək, Azərbaycanda isə təxminən 45%-dək dəyişir.

Bundan əlavə, ING Group daxili dayanıqlılıq amillərinin valyutaların bütün ölkələrdə kəskin ucuzlaşması ehtimalını azaltdığını vurğulayır.

“Qazaxıstanda buna yüksək real faiz dərəcələri və dövlət tərəfindən qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan valyuta satışlarının toplanmış həcmi kömək edir. Özbəkistan qızıl ixracındakı geriliyi kompensasiya etməlidir, Ermənistan pul köçürmələrinə və əhəmiyyətli ehtiyatlara, Azərbaycan isə böyük həcmli suveren aktivlərə arxalana bilər. Qlobal iqtisadiyyat üçün əlverişsiz ssenari şəraitində inflyasiyanın ortamüddətli proqnozumuzu 1-2 faiz bəndi üstələməsi riskini görürük. Şok xərclərin artması ilə əlaqəli olduğundan, bu, pul-kredit siyasətində dərhal dəyişikliyi tələb etməyə bilər. Bununla belə, mərkəzi banklar real faiz dərəcələrini dəstəkləməli ola bilərlər. Ermənistan pul-kredit siyasətini sərtləşdirməyə davam edə bilər, Qazaxıstan və Özbəkistanda faiz dərəcələrinin azaldılması imkanları məhduddur, Azərbaycanın isə uçot dərəcəsini artırmaq istəməməsi sınaqla üzləşə bilər”, – hesabatda qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti