AMB bank əməliyyatlarına məhdudiyyətlərin məqsədini açıqlayıb

İqtisadiyyat Xəbər 15 Oktyabr 2026 12:11 (UTC +04:00)
AMB bank əməliyyatlarına məhdudiyyətlərin məqsədini açıqlayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qanunsuz qumar oyunları və mərc fəaliyyətləri ilə əlaqəli əməliyyatların məhdudlaşdırılması məqsədilə banklar, elektron pul təşkilatları və digər maliyyə qurumları ödənişlər üzrə vahid limitlərin tətbiqi barədə razılığa gəliblər.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə cümə axşamı Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, əvvəllər banklar qanunsuz qumar oyunları və mərc əməliyyatları ilə əlaqəli köçürmələrə fərqli limitlər tətbiq edirdilər. Sonradan banklar və digər maliyyə bazarı iştirakçıları bir araya gələrək bu limitləri vahidləşdirmək barədə qərar qəbul ediblər.

“Əvvəllər hər bankın öz limiti var idi. Bəzi banklarda müəyyən sayda köçürməyə, digərlərində isə fərqli məbləğlərə məhdudiyyət qoyulurdu. Banklar, elektron pul təşkilatları və digər iştirakçılar bir araya gəldilər və limitləri vahidləşdirmək barədə razılığa gəldilər. Artıq bir karta beşdən çox belə əməliyyatın həyata keçirilməsinə imkan verilməməsi prinsipi tətbiq olunur”, - deyə Ş.Mahmudzadə qeyd edib.

AMB rəsmisinin sözlərinə görə, vahid yanaşmanın əsas məqsədi bank kartlarından qanunsuz qumar oyunları və mərc fəaliyyətləri üçün istifadə imkanlarını məhdudlaşdırmaqdır. Bu baxımdan, maliyyə sektoru iştirakçılarının koordinasiyalı fəaliyyəti mühüm əhəmiyyət daşıyır.

O vurğulayıb ki, bankların vahid limitlər üzrə razılığa gəlməsi müştərilərin müxtəlif banklarda fərqli məhdudiyyətlərlə qarşılaşmasının da qarşısını almağa yönəlib.

Ş.Mahmudzadə, həmçinin oktyabrın 1-dən tətbiq edilən özünə kredit götürməyi qadağan etmə mexanizminə toxunub. O bildirib ki, vətəndaşlar Azərbaycan Kredit Bürosunun elektron platforması vasitəsilə öz adlarına kredit verilməsinə məhdudiyyət qoya bilirlər.

“Şəxs özünə kredit götürməyi qadağan edə bilər. Hətta o, şəxsi məlumatlarını başqa bir şəxsə versə belə, bu mexanizm vasitəsilə onun adına yeni kreditin rəsmiləşdirilməsinin qarşısını almaq mümkündür. Qadağanın götürülməsi müəyyən vaxt tələb etdiyindən, bu müddət ərzində bankın müştəri ilə əlaqə saxlaması və əməliyyatın qanuniliyini yoxlaması üçün imkan yaranır”, - deyə o bildirib.

AMB baş direktorunun sözlərinə görə, banklar da öz mobil tətbiqləri, internet platformaları və digər elektron xidmətləri vasitəsilə müştərilərə həmin bank üzrə kredit götürməyə məhdudiyyət qoymaq imkanı yaratmalıdırlar.

O əlavə edib ki, özünə kredit götürməyi qadağan etmə mexanizmi və banklar tərəfindən tətbiq olunan əlavə məhdudiyyətlər vətəndaşların maliyyə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Ş.Mahmudzadə bildirib ki, bankların qanunsuz qumar oyunları ilə bağlı əməliyyatlara qarşı vahid yanaşma tətbiq etməsi beynəlxalq təcrübəyə də uyğundur. Onun sözlərinə görə, bu sahədə maliyyə qurumlarının birgə qərarlar qəbul etməsi və ümumi prinsiplər əsasında hərəkət etməsi daha səmərəli nəticələr əldə etməyə imkan verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti