Bakı. Trend:
Belarus Respublikasının bir qrup nümayəndə heyəti "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyində (İB) olub. Qonaqlar əvvəlcə 44 günlük Vətən müharibəsində Gəncəyə ermənilər tərəfindən endirilən raket zərbələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan Memorial Kompleksdə şəhidlərin ruhunu anıblar, gül dəstələri qoyublar.
Sonra Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti "Gəncə Avtomobil Zavodu" İB-nın balansında olan 240 yerlik körpələr evi - uşaq bağçasında da olublar. Qonaqların diqqətinə çatdırılıb ki, 1989-cu ildə inşa edilən və 2016-cı ildə əsaslı təmir olunan binanın ümumi sahəsi 13 min kvadratmetrdən artıqdır. Bağçanın ərazisi hasarlanıb, yaşıllıq zolağı yaradılıb, uşaqların istirahətini mənalı təşkil etmək üçün yay çardaqları, əyləncə və oyun avadanlığı quraşdırılıb. Bina üçün su anbarı, qazanxana, müasir istilik sistemi ilə təmin olunub. Həmçinin qeyd olunub ki, bağçanın idman zalı, müasir üzgüçülük hovuzu var. Burada qruplar üçün yataq və soyunub-geyinmə otaqları, şahmat və tibb otaqları, oyun zalı, metodik kabinet təşkil olunub. Körpələr evi-uşaq bağçasında əsasən "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi işçilərinin övladları ödənişsiz tərbiyə alırlar.
Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda olublar. Birliyin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev qonaqları müəssisənin yığım xətləri və istehsal sahələri ilə tanış edib. Diqqətə çatdırılıb ki, 2006-ci ildə Prezident İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri zamanı imzalanan ikitərəfli əməkdaşlıq müqavilələrindən sonra Gəncə Avtomobil Zavodu Minsk Traktor Zavodu və Minsk avtomobil zavodları, eləcə də digər Belarus müəssisələri davamlı əməkdaşlıq edir.
Müəssisəyə baxış zamanı qonaqlar Belarus və Azərbaycan əməkdaşlığının birgə məhsulu olan kommunal maşınların istehsal prosesi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, bu avtomobillərin çən hissəsi 100 faiz yerli istehsaldır.
İkitərəfli görüş zamanı Belarus-Azərbaycan əməkdaşlığının əsas prioritetlərindən sayılan Gəncə Avtomobil Zavodu ilə MTZ və MAZ, eləcə də digər müəssisələrlə bundan sonra da davamlı əməkdaşlığın sahələri müzakirə olunub. Qeyd edilib ki, 20 ilə yaxın birgə əməkdaşlıq müddətində 16 minə yaxın kənd təsərrüfatı texnikası, 5000 dən çox avtomobil və digər texnikalar Gəncədə tədarük olunub.
Öz növbəsində Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko Gəncə Avtomobil Zavodunda yaradılan istehsal şəraitindən və görülən işlərdən məmnunluğunu vurğulayaraq bu müəssisənin Belarus-Azərbaycan iqtisadi əməkdaşlığında mühüm rol oynadığını qeyd edib.
Söhbət zamanı ikitərəfli əməkdaşlığın gələcək aspektləri də müzakirə olunub.