Laos Azərbaycanla dağ-mədən sənayesi, enerji və süni intellekt sahələrində əməkdaşlığı genişləndirmək istəyir - İcraçı vitse-prezident (MÜSAHİBƏ)

İqtisadiyyat Müsahibə 14 Oktyabr 2026 11:35 (UTC +04:00)
Laos Azərbaycanla dağ-mədən sənayesi, enerji və süni intellekt sahələrində əməkdaşlığı genişləndirmək istəyir - İcraçı vitse-prezident (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Laos Azərbaycanla dağ-mədən sənayesi, enerji, ticarət, nəqliyyat-logistika, informasiya texnologiyaları və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. İki ölkənin müxtəlif regional iqtisadi mərkəzlərdə yerləşməsi qarşılıqlı investisiyalar və texnologiya mübadiləsi üçün yeni imkanlar yaradır.

Bunu Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Tanonqsin Kanlaqna (Thanongsinh Kanlagna) çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Laos Biznes Forumu çərçivəsində Trend-ə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan Xəzər dənizi regionunda və Mərkəzi Asiyaya yaxın ərazidə, Laos isə Cənub-Şərqi Asiyada, ASEAN ölkələri məkanında yerləşir. Bu coğrafi mövqe iki ölkəyə öz regional bazarlarına çıxış imkanlarını bir-biri ilə bölüşmək üçün şərait yaradır.

“Azərbaycan və Laos müxtəlif regional iqtisadi blokların mərkəzində yerləşir. Bu baxımdan, bir-birimizlə bölüşə biləcəyimiz çoxlu imkanlar var. Məsələn, dağ-mədən sənayesində Azərbaycanın qızıl şirkətləri, Laosun isə qızıl filizi ixracı mövcuddur. Bu sahədə texnologiya və investisiya mübadiləsi istiqamətində əməkdaşlıq edə bilərik”, - deyə o qeyd edib.

Tanonqsin Kanlaqna enerji sektorunun da əməkdaşlıq üçün perspektivli istiqamət olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu sahədə fəaliyyəti iki ölkə arasında mümkün tərəfdaşlıq üçün əlavə zəmin yaradır.

O, həmçinin enerjidən səmərəli istifadənin əhəmiyyətini vurğulayıb. Bildirib ki, elektrik avtomobillərinin yayılmasına baxmayaraq, ağır yük maşınları kimi nəqliyyat vasitələri hələ də ənənəvi yanacaqlardan istifadə edir. Buna görə də enerji səmərəliliyi sahəsində təcrübə və texnologiya mübadiləsi qarşılıqlı maraq doğura bilər.

Palatanın icraçı vitse-prezidenti kiçik və orta biznesin (KOB) inkişafı sahəsində də əməkdaşlıq imkanlarının olduğunu deyib. Onun sözlərinə görə, Laos bazarı ilə yanaşı, ölkənin Vyetnam, Tailand, Myanma və Kamboca kimi qonşu dövlətlərin bazarlarına çıxış imkanları da mövcuddur.

“Əməkdaşlıq yalnız iki ölkənin daxili bazarları ilə məhdudlaşmamalıdır. Laos vasitəsilə Azərbaycan şirkətləri Cənub-Şərqi Asiyanın digər bazarlarını da araşdıra, eyni zamanda, Laos şirkətləri Azərbaycan üzərindən regiondakı yeni ticarət imkanlarını nəzərdən keçirə bilərlər”, - deyə o bildirib.

Tanonqsin Kanlaqna gənclərin sahibkarlığı, startaplar, informasiya texnologiyaları və süni intellekt sahələrinin də əməkdaşlıq gündəliyində yer ala biləcəyini qeyd edib.

O bildirib ki, süni intellekt yalnız informasiya texnologiyaları sektorunda deyil, kənd təsərrüfatı və enerji də daxil olmaqla müxtəlif sahələrdə problemlərin həlli üçün yeni imkanlar yaradır. Bu istiqamətlərdə innovativ layihələrin və startapların inkişafı iki ölkənin biznes dairələri arasında əlaqələri gücləndirə bilər.

İkitərəfli sazişlər və viza rejimi

Palatanın icraçı vitse-prezidenti Azərbaycan və Laos arasında iqtisadi əlaqələrin inkişafı üçün hüquqi bazanın genişləndirilməsinin vacibliyini də vurğulayıb.

“Azərbaycanlı tərəfdaşlarımızla sazişlərin və anlaşma memorandumlarının imzalanması istiqamətində konkret planlarımız var. Bu sənədlərin hazırlanması üzrə işlər aparılır və prosesin bir hissəsini onlayn formatda da həyata keçirmək mümkündür”, - deyə o qeyd edib.

Tanonqsin Kanlaqnanın sözlərinə görə, iki ölkənin xarici işlər nazirləri səviyyəsində xidmət pasportları üçün viza tələbinin aradan qaldırılmasını nəzərdə tutan sazişin imzalanması əlaqələrin inkişafı baxımından mühüm addımdır.
O bildirib ki, bu istiqamətdə əldə olunan irəliləyişin gələcəkdə işgüzar səfərlərin və biznes əlaqələrinin asanlaşdırılmasına da töhfə verməsi gözlənilir.

“Viza məsələsində atılan bu addım yaxşı başlanğıcdır. Ümid edirik ki, gələcəkdə bu, ticarət və biznes əlaqələrinin daha da asanlaşmasına kömək edəcək”, - deyə o vurğulayıb.

Palatanın nümayəndəsi Azərbaycan tərəfini Laosa səfərə dəvət etdiklərini, qarşılıqlı səfərlərin və görüşlərin planlaşdırılması imkanlarının olduğunu bildirib. O, Azərbaycanın Vyetnam, Kamboca, Tailand və Malayziya kimi ASEAN ölkələri ilə əlaqələrinin də regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıdığını qeyd edib.

Dəmir yolu və birbaşa aviareyslər

Tanonqsin Kanlaqna nəqliyyat və logistika əlaqələrinin inkişafının iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün vacib olduğunu bildirib.

Onun sözlərinə görə, Laos-Çin dəmir yolu xəttinin daha geniş nəqliyyat dəhlizlərinə inteqrasiyası, o cümlədən Avropa və Xəzər dənizi regionu ilə əlaqələrin inkişafı imkanları mövcuddur. Bu baxımdan, Bakının mühüm nəqliyyat mərkəzi və liman şəhəri kimi mövqeyi xüsusi əhəmiyyət daşıyır.

O, Azərbaycanla Laos arasında birbaşa hava əlaqəsinin yaradılması məsələsinin də gələcəkdə nəzərdən keçirilə biləcəyini deyib.

“Birbaşa uçuşların təşkili məsələsi ticarət dövriyyəsindən və mövcud potensialdan asılıdır. İki ölkə arasında ticarət əlaqələri genişləndikcə, birbaşa hava əlaqəsinin yaradılması imkanları da arta bilər”, - deyə Tanonqsin Kanlaqna bildirib.

O əlavə edib ki, qarşılıqlı səfərlərin, biznes əlaqələrinin və nəqliyyat imkanlarının genişləndirilməsi Azərbaycanla Laos arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsinə şərait yarada bilər.

Qeyd edək ki, Bakıda Azərbaycan-Laos Biznes Forumu keçirilir. Forumda Azərbaycanın və Laosun dövlət qurumlarının, eləcə də biznes dairələrinin nümayəndələri iştirak edirlər. Tədbir çərçivəsində iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı, investisiya imkanları və biznes əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunur. Tədbir zamanı Azərbaycan və Laosun investisiya imkanlarına dair təqdimatlar keçirilir, həmçinin işgüzar əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün görüşlər təşkil olunur.

Oktyabrın 13-də isə Bakıda Prezident İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin arasında təkbətək və geniş tərkibdə görüşlər keçirildi.

“Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Laos Xalq Demokratik Respublikasının Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Laosdakı səfiri Şövqi Mehdizadə ilə Laosun kənd təsərrüfatı və ətraf mühit naziri Linkham Duanqsavan mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Laosun Baş nazirinin müavini və xarici işlər naziri Tonqsavan Fomfihan mübadilə etdilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti