Azərbaycanda minatəmizləmə işləri dünyada ən yüksək templə aparılır

İqtisadiyyat Xəbər 14 Oktyabr 2026 10:43 (UTC +04:00)
Azərbaycanda minatəmizləmə işləri dünyada ən yüksək templə aparılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Qarabağda 40 mindən çox keçmiş məcburi köçkün məskunlaşıb, ümumilikdə isə 100 minə yaxın insan bölgədə yaşayır, çalışır və təhsil alır. Bu, Qarabağın artıq təkcə keçmiş məcburi köçkünlər üçün deyil, bütün azərbaycanlılar üçün cəlbedici məkana çevrildiyini göstərir.

Trend-in tədbirdə iştirak edən müxbirinin xəbərinə görə, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Garabagh” sərgisinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri beynəlxalq miqyasda digər ölkələr üçün də nümunə sayıla biləcək təcrübədir.

R.Hacıyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə vəziyyət infrastrukturun, torpağın və təbiətin tamamilə yararsız vəziyyətə salınması ilə məhdudlaşmayıb, mövcud vəziyyət bundan da ağır olub.

Fondun İdarə Heyətinin sədri qeyd edib ki, Qarabağın bərpası tikinti və quruculuq işlərindən əvvəl ərazilərin minalardan təmizlənməsi ilə başlayıb. Bu ölümcül miras dövlətin qarşısında duran vəzifələri xeyli çətinləşdirib.

O vurğulayıb ki, Azərbaycanın beynəlxalq ictimaiyyətin, demək olar ki, heç bir dəstəyi olmadan öz resursları hesabına əraziləri minalardan təmizləmək və daha sonra quruculuq işlərinə başlamaq qərarı digər ölkələr üçün də nümunədir.

“Hazırda Qarabağda minalardan təmizləmə işləri dünyada, yəqin ki, ən yüksək templə görülən işlərdir”, – deyə R.Hacıyev bildirib və bu qənaətin subyektiv fikir deyil, statistik göstəricilərlə təsdiqləndiyini qeyd edib.

O əlavə edib ki, Qarabağ Dirçəliş Fondu ölkə başçısının mina probleminə göstərdiyi diqqəti və həyata keçirdiyi siyasəti nəzərə alaraq bu mövzuya həsr olunmuş film sifariş edib. Həmin film bu yaxınlarda beynəlxalq mina konfransında təqdim olunub.

R.Hacıyevin sözlərinə görə, filmdə Azərbaycanla yanaşı, mina problemi ilə üzləşmiş Laos, Kolumbiya, Bosniya və Herseqovinanın təcrübəsi və tarixi də əksini tapıb.

O bildirib ki, film vasitəsilə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bu istiqamətdə görülən işləri beynəlxalq auditoriyaya uğurla təqdim etmək mümkün olub. Digər ölkələrin təcrübəsi ilə müqayisənin Azərbaycanın mina probleminin həlli istiqamətində nümayiş etdirdiyi iradəni və görülən işlərin miqyasını daha aydın göstərdiyini vurğulayıb.

Fondun İdarə Heyətinin sədri qeyd edib ki, Qarabağ artıq yalnız geniş tikinti meydançası deyil, insanların dayanıqlı şəkildə yaşadığı, məskunlaşdığı və investorlar üçün cəlbedici olan regiondur.

O bildirib ki, Qarabağda 40 mindən çox keçmiş məcburi köçkünün məskunlaşması ilə yanaşı, ümumilikdə 100 minə yaxın insanın bölgədə yaşaması, işləməsi və təhsil alması regionun cəlbediciliyinin artdığını göstərir.

“Qarabağ artıq təkcə keçmiş məcburi köçkünlər üçün deyil, bütün azərbaycanlılar üçün çox maraqlı bir istiqamətdir və mənim fikrimcə, əsas uğur budur”, – deyə R.Hacıyev bildirib.

Onun sözlərinə görə, Qarabağda əldə edilən uğuru yalnız doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin sayı ilə ölçmək düzgün olmazdı. Bölgədə məskunlaşan, yaşayan, işləyən və təhsil alan insanların sayı da bu uğurun əsas göstəricilərindəndir.

R.Hacıyev bildirib ki, Qarabağ Dirçəliş Fondu bu prosesə müxtəlif istiqamətlərdə dəstək göstərir. Təhsilin dəstəklənməsi məqsədilə Qarabağ Universiteti ilə xüsusi təqaüd proqramı həyata keçirilir.

O qeyd edib ki, Qarabağ Universitetinin təqaüd proqramını ilk dəstəkləyən qurum Qarabağ Dirçəliş Fondu olub. Daha sonra müxtəlif özəl şirkətlər də bu təşəbbüsə qoşulublar.

Fondun rəhbərinin sözlərinə görə, cari tədris ilindən etibarən 100 tələbə fondun dəstəyi ilə təhsil alır, ümumilikdə isə müxtəlif qurum və təşkilatların dəstəyi ilə yüzlərlə tələbə Qarabağ Universitetində təhsilini davam etdirir.

R.Hacıyev vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra investisiyalar üçün də cəlbedici istiqamətə çevrilib.

O bildirib ki, ilkin mərhələdə investorların qərarlarında vətənpərvərlik amili daha böyük rol oynayıbsa, sonrakı dövrdə iqtisadi maraq da əhəmiyyət qazanmağa başlayıb.

“Ən dayanıqlı investisiyalar təkcə vətənpərvərlik nöqteyi-nəzərindən deyil, eyni zamanda iqtisadi maraq nəticəsində yaranan investisiyalardır”, – deyə R.Hacıyev qeyd edib.

O əlavə edib ki, Qarabağ Dirçəliş Fondu bölgənin investorlar üçün daha cəlbedici olması istiqamətində görülən işlərə dəstək göstərməyə çalışır.

R.Hacıyev Qarabağın inkişafında mədəniyyətin roluna da toxunub. O bildirib ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olub və Qarabağ Azərbaycan dövlətinin və xalqının həyatında hər zaman mühüm mədəni rol oynayıb. Hazırda isə yenilənən Qarabağ bu rolu yeni formada davam etdirir.

Onun sözlərinə görə, həqiqi dirçəliş və bərpa yalnız beton, sement, infrastruktur və yolların qurulması ilə məhdudlaşmır.

“İnfrastrukturu yaşadan insanlardır. İnsanları isə mədəniyyətsiz təsəvvür etmək mümkün deyil”, – deyə R.Hacıyev bildirib.

O qeyd edib ki, dünyada çoxsaylı yeni şəhərlər və infrastruktur obyektləri yaradılıb, lakin bəzi böyük tədbirlərdən sonra həmin obyektlər istifadəsiz qalıb və onları inşa edən dövlətlər üçün böyük büdcə yükünə çevrilib. Buna görə də infrastrukturun davamlı fəaliyyətini təmin etmək üçün insanların, onların sosial və mədəni həyatının inkişafı vacibdir.

R.Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa edilən Xarıbülbül festivalı başda olmaqla, Qarabağda müxtəlif mədəni tədbirlərin keçirilməsi müsbət haldır. Bu tədbirlər bölgədə yaşayan, təhsil alan və işləyən insanların həyatına xüsusi məna və dəyər qatır.

O bildirib ki, Qarabağ Dirçəliş Fondu da mədəniyyət istiqamətində layihələrin həyata keçirilməsinə dəstək verməkdən məmnundur.

Fondun İdarə Heyətinin sədri qeyd edib ki, qurumun artıq bir neçə ənənəvi mədəniyyət tədbiri var. Bunlardan biri “Qarabağ Gecəsi” xeyriyyə konsertidir.

R.Hacıyevin sözlərinə görə, fond bu yaxınlarda Laçında möhtəşəm konsert təşkil edib və şəhərə böyük royal hədiyyə edib. Bundan əvvəl də Şuşa şəhərinə eyni hədiyyə təqdim olunub.

O hesab edir ki, Qarabağda həyata keçirilən mədəniyyət layihələrinin sayı ən azı inşaat layihələrinin sayı qədər olmalıdır.

R.Hacıyev Qarabağda həyata keçirilən ekoloji və tikinti layihələri, tətbiq edilən yeni şəhərsalma və idarəetmə modelləri, eləcə də müxtəlif formatlar barədə geniş danışmağın mümkün olduğunu bildirib. Bununla belə, sərginin stendlərində həmin işlərlə əyani tanış olmaq üçün kifayət qədər imkanların olduğunu vurğulayıb.

O, sərgiyə diqqət ayıran hər kəsə təşəkkür edib, təşkilatçılara gələcək illərdə uğurlar arzulayıb.

R.Hacıyev qeyd edib ki, Qarabağ mövcud olduğu müddətdə bu sərginin keçirilməsi də davam etməlidir. Onun fikrincə, gələcəkdə sərginin adı müəyyən qədər dəyişdirilə bilər, lakin əsas məqsəd Qarabağın ictimaiyyətə təqdim olunması olaraq qalmalıdır.

Xəbər lenti

Xəbər lenti