Bakı. Trend:
Dünyada qarşıdurmaların və ideoloji təhdidlərin artdığı bir vaxtda zərərli xarici təsirlərə qarşı sayıqlığın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın müstəqil xarici siyasəti, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, regionda yaratdığı yeni reallıqlar müəyyən xarici dairələri narahat edir.
Bu fikirləri Trend BİA-nın direktor müavini, əməkdar jurnalist
Sahil Kərimli “Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı
sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan
Dillər Universitetində tələbələrlə görüş zamanı bildirib.
S.Kərimli əlavə edib ki, onlayn mediada və sosial şəbəkələrdə
Azərbaycana qarşı saxta, qərəzli məlumatların yayıldığını görürük.
Bu məlumatların məqsədi milli həmrəyliyi pozmaq, vətəndaş
həmrəyliyinə xələl gətirmək və cəmiyyətimizin uzun illərdir qoruyub
saxladığı birliyi zəiflətməkdir. Hər bir vətəndaşın borcu belə
xəbərlərə və ideoloji təhdidlərə qarşı ayıq-sayıq olmaqdır.
S.Kərimli qeyd edib ki, layihə çərçivəsində tələbələrlə görüşlərin
keçirilməsi gənclərin cəmiyyətin gələcəyində mühüm rol oynaması ilə
bağlıdır.
“Azərbaycan gəncləri milli, vətənpərvərlik və dövlətçilik ruhunda
böyüyürlər. Lakin bu, arxayınlaşmağa əsas vermir. Zərərli xarici
təsirlərə qarşı daim qabaqlayıcı tədbirlər görülməli, gənclərin
məlumatlılığı artırılmalıdır”, – deyə o vurğulayıb.
Sahil Kərimli vahid məktəbli forması ətrafında aparılan
müzakirələrə də toxunub. O bildirib ki, Azərbaycan dünyəvi
dövlətdir, ölkədə dini etiqad azadlığı təmin olunur, dini abidələrə
və ibadət yerlərinə diqqət göstərilir. Onun fikrincə, məktəbli
forması məsələsinin siyasiləşdirilməsi cəhdlərinə qarşı sağlam
mövqe nümayiş etdirilməli, dövlətçilik və milli maraqlar əsas
götürülməlidir.
