Azərbaycan və Türkiyə arasında QR ödəniş sistemləri inteqrasiya edilə bilər

İqtisadiyyat Xəbər 13 Oktyabr 2026 15:35 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında QR ödəniş sistemləri inteqrasiya edilə bilər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Türkiyə arasında maliyyə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, pul köçürmələrinin sürətləndirilməsi və QR kod vasitəsilə ödəniş sistemlərinin inteqrasiyası istiqamətində böyük imkanlar mövcuddur.

Bunu “Tiko Azərbaycan” MMC-nin nümayəndəsi İsmail Bayraktar Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında pul köçürmələri "fintex" sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu sahədə rəqəmsal həllərin tətbiqi köçürmələrin daha sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan yarada bilər.

İ.Bayraktar qeyd edib ki, Azərbaycan və Türkiyə arasında həm şirkətlərarası (B2B), həm də fiziki şəxslər arasında (C2C) maliyyə əməliyyatlarının inkişafı baxımından əhəmiyyətli potensial var.

“İki ölkə arasında pul köçürmələri sahəsində mühüm imkanlar mövcuddur. "Fintex" şirkətləri bu proseslərin daha sürətli və təhlükəsiz həyata keçirilməsinə töhfə verə bilərlər. Həm şirkətlər, həm də fiziki şəxslər arasında əməliyyatların təkmilləşdirilməsi qarşılıqlı fayda yarada bilər”, – deyə o bildirib.

Nümayəndə QR kod vasitəsilə ödəniş sistemlərinin inteqrasiyasını da əməkdaşlığın perspektivli istiqamətlərindən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, hər iki ölkədə bu cür ödənişlərə maraq artsa da, mövcud sistemlər arasında fərqlər var.

“QR ödəniş sistemlərinin qarşılıqlı inteqrasiyası böyük imkanlar yarada bilər. Bu, insanların digər ölkədə də QR kod vasitəsilə rahat ödəniş etməsinə şərait yaradar. Bunun üçün tənzimləyici məsələlərin həlli və ya xüsusi texnoloji həllərin hazırlanması tələb oluna bilər”, – deyə İ.Bayraktar vurğulayıb.

O, Azərbaycanda rəqəmsallaşma sahəsində müşahidə olunan inkişafı da qeyd edib. İ.Bayraktar bildirib ki, ölkədə dünya bazarında rəqabət apara bilən texnologiyalar formalaşıb və biznes prosesləri beynəlxalq standartlara uyğun inkişaf edir.

“Azərbaycanda böyük inkişaf müşahidə olunur. Artıq dünya ilə rəqabət apara bilən texnologiyalar mövcuddur və iş prosesləri beynəlxalq standartlara uyğundur. Rəqəmsallaşma istiqamətində atılan addımlar yeni imkanlar yaradır və gələcəkdə bu sahədə əməkdaşlığın daha da genişlənməsinə şərait yarada bilər”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti