Bakı.Trend:
"Doscredobank" Azərbaycan bankları ilə müxbir münasibətlərin qurulmasında və ödəniş həllərinin inteqrasiyasında maraqlıdır.
Bu barədə "Doscredobank" ASC-nin baş direktoru Talantbek Ömüralıyev Bakıda Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə keçirilən və türk dövlətlərinin nümayəndələrinin iştirak etdiyi fintex missiyası çərçivəsində B2B görüşləri zamanı Trend-ə danışıb.
“Qırğızıstanın "Doscredobank" bankı hazırda fintex sahəsində liderlərdən biridir. Təxminən 700 min nəfərin istifadə etdiyi Simbank mobil tətbiqimiz var. Bundan əlavə, fəaliyyətimizi daha da genişləndirmək planlarımız mövcuddur.
Bugünkü tədbir bizim üçün böyük maraq kəsb edir. Türk dövlətləri arasında inteqrasiya və qarşılıqlı fəaliyyət imkanlarını araşdırırıq. Çünki Azərbaycan hazırda Qırğızıstana fəal şəkildə investisiya yatırır. Bir çox birgə layihələrimiz var və Qırğızıstan-Azərbaycan İnkişaf Fondu fəaliyyət göstərir. Bu yaxınlarda fondun kapitalı 200 milyon dollara çatdırılıb.
Əməkdaşlığın fəallaşdığını müşahidə edirik. Bu da turizm və ehtimal ki, biznes sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar yaradır. Banklar bu prosesə hazır olmalı, inteqrasiya və birgə həllərin tətbiqi imkanlarını araşdırmalıdır.
Bugünkü platforma iştirakçıları bir araya gətirməyə, təkcə Azərbaycan və Qırğızıstan arasında deyil, digər türk dövlətlərinin də iştirakı ilə ikitərəfli və ola bilsin ki, çoxtərəfli layihələri müzakirə etməyə imkan verir. Bu baxımdan Bakı əməkdaşlığın mərkəzi nöqtəsi rolunu oynayır. Yeni görüşlərin, imkanların və layihələrin yaranacağına ümid edirik”, – deyə o bildirib.
Ömüralıyevin sözlərinə görə, B2B görüşləri zamanı bankın nümayəndələri yerli şirkətlərlə əməkdaşlıq imkanlarını araşdırıblar.
“Bu gün görüşlər keçirildi, lakin hələlik imkanları öyrənirik. Məsələn, Azərbaycan bankları ilə müxbir münasibətlərin qurulmasına maraq göstəririk. Qarşı tərəf də maraqlı olarsa, əlbəttə, biz də buna hazırıq. Həmçinin ödəniş həllərinin inteqrasiyasında maraqlıyıq və bu istiqamətdə imkanlar axtarırıq”, – deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə “Bakı Fintex Sektorunun Ticarət Heyəti” proqramı keçirilir. Tədbirdə Azərbaycan, Türkiyə və Qazaxıstanın maliyyə və fintex sektorlarının nümayəndələri iştirak edirlər.
Proqram çərçivəsində türk dövlətlərində rəqəmsal ödənişlərin inkişaf perspektivləri, maliyyə texnologiyalarının tənzimlənməsinə yanaşmaların uzlaşdırılması və ödəniş sistemlərində yeni texnoloji tendensiyalar müzakirə olunur.
