AMB fintex şirkətlərinin yeni xidmətlər göstərməsi üçün qanunvericiliyi təkmilləşdirir

Maliyyə Xəbər 13 Oktyabr 2026 11:31 (UTC +04:00)
AMB fintex şirkətlərinin yeni xidmətlər göstərməsi üçün qanunvericiliyi təkmilləşdirir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda maliyyə texnologiyaları (fintex) sektorunun inkişafı, yeni məhsul və xidmətlərin yaradılması, eləcə də şirkətlərin fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər hazırlanır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov çərşənbə axşamı “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, maliyyə sektorunda ənənəvi olaraq ödəniş sistemlərinin və ödəniş məhsullarının inkişafına üstünlük verilsə də, hazırda digər maliyyə məhsullarının və xidmətlərinin yaradılması da diqqət mərkəzindədir. Bu istiqamətdə qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər bankların və fintex şirkətlərinin yeni xidmətlər təqdim etməsinə imkan yaratmağa yönəlib.

“Ənənəvi olaraq əsas prioritetimiz ödəniş sistemləri və məhsulları olub. Son dövrlərdə isə digər məhsul və xidmətlərin yaradılmasına da böyük önəm veririk. Qanunvericilikdəki dəyişikliklər ödənişlərdən əlavə, digər məhsul və xidmətlərin yaradılmasını da təşviq edir. Məqsəd həm banklar, həm də fintexlər vasitəsilə vətəndaşlara yeni xidmətlərin təqdim olunmasıdır”, - deyə V.Xəlilov qeyd edib.

AMB sədr müavininin sözlərinə görə, bu məqsədlə maliyyə sektoru nümayəndələri ilə birgə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər görülür. Belə ki, Azərbaycan Fintex Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində müvafiq qanunlara və qaydalara dəyişiklik layihələri hazırlanıb.

O bildirib ki, ilkin layihələr sektor nümayəndələri tərəfindən müsbət qarşılanıb.

"Təklif olunan dəyişikliklərin fintex şirkətlərinin yeni məhsul və xidmətlər yaratmasına, həmçinin müştərilərə təqdim etdikləri xidmətlərin dairəsini genişləndirməsinə şərait yaradacağı gözlənilir.
Fintex sektoru ilə daim geniş dialoqumuz var. Bu çərçivədə, xüsusilə ani ödənişlər sisteminə inteqrasiya məsələlərini müzakirə edirik”, - deyə o vurğulayıb.

V.Xəlilov ani ödənişlər sisteminin inkişafına da toxunaraq bildirib ki, hazırda sistem üzrə gündəlik əməliyyatların sayı 1 milyona çatıb.

Onun sözlərinə görə, sistemin əsas üstünlüklərindən biri əməliyyat xərclərinin aşağı olmasıdır. Bu, həm banklar, həm də müştərilər üçün ödənişlərlə bağlı xərclərin əhəmiyyətli dərəcədə azalmasına imkan verir.

“Fərqli ödənişlər üzrə fərqli xidmət haqları mövcuddur. Bununla belə, ani ödənişlər sisteminin xərcləri ümumilikdə çox aşağıdır və bu, banklar və müştərilər üçün sərfəli imkanlar yaradır”, - deyə AMB sədr müavini bildirib.

O əlavə edib ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna da dəyişikliklər edilməsi nəzərdə tutulur. Dəyişikliklər hazırlanarkən real sektorun inkişafı, maliyyə bazarının ehtiyacları və risklərin idarə olunması məsələləri nəzərə alınacaq.

V.Xəlilovun sözlərinə görə, əsas hədəflərdən biri riskləri azaltmaqla yanaşı, fintex şirkətlərinin yeni xidmətlər təqdim etmək imkanlarını genişləndirmək, maliyyə sektorunda innovasiyaları təşviq etmək və vətəndaşların müasir maliyyə xidmətlərinə çıxışını artırmaqdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti