Bakı.Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın ÜDM artımının 2026-cı ildəki 1,7 faizdən 2027-ci ildə 2,3 faizə yüksələcəyini proqnozlaşdırır.
Bu barədə fondun “Dünya İqtisadiyyatının İnkişaf Perspektivləri” (World Economic Outlook) hesabatında bildirilir.
BVF hesabatın aprel buraxılışında Azərbaycanın ÜDM artımını 2026-cı il üçün 2,2 faiz, 2027-ci il üçün isə 2,5 faiz səviyyəsində proqnozlaşdırmışdı.
Fondun qiymətləndirməsinə görə, 2025-ci ildə ölkənin ÜDM artımı 1,4 faiz təşkil edib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının may ayında dərc etdiyi makroiqtisadi proqnoza əsasən, 2026-cı ildə ölkənin real ÜDM-i 1,1 faiz, qeyri-neft-qaz sektoru isə 3,2 faiz artacaq.
Mərkəzi Bank 2026-cı ildə neft-qaz sektorunun ümumi iqtisadi artımı məhdudlaşdırmaqda davam edəcəyini, iqtisadi fəallığın əsas hərəkətverici qüvvəsinin isə qeyri-neft-qaz sektoru olacağını gözləyir. Bu sektorun artımına əsas töhfəni ev təsərrüfatlarının istehlakı, mal və xidmətlərin xalis ixracı, eləcə də əsas kapitalın ümumi yığımı verəcək.
Mərkəzi Bankın proqnozuna görə, 2027-ci ildə iqtisadi artım sürətlənərək 3,2 faizə çatacaq, qeyri-neft-qaz sektoru isə 4,7 faiz artacaq.
Bununla yanaşı, 2026-cı ildə neft-qaz sektorunda 3,3 faizlik azalma, 2027-ci ildə isə artımın olmaması gözlənilir.
“Beləliklə, iqtisadi artımın demək olar ki, hamısı qeyri-neft-qaz sektoru hesabına təmin olunacaq”, – deyə Mərkəzi Bankdan bildirilib.
Tənzimləyici qurumun qiymətləndirməsinə görə, Azərbaycanın 2026–2027-ci illərdə iqtisadi artım perspektivləri böyük ölçüdə daxili və xarici məcmu tələbin dinamikasından asılı olacaq.
