Bakı. Trend:
Məktəblərdə məktəbli formasının tətbiqi səliqə-sahmanın və nizam-intizamın qorunması baxımından vacibdir. Bununla yanaşı, uşaqların milli dəyərlərə bağlı, müasir düşüncəli və savadlı yetişdirilməsi əsas məqsəd olmalıdır.
Bu fikirləri Trend-ə açıqlamasında Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradova deyib.
O bildirib ki, uşaqlar məktəbdə oxuduqları müddətdə məktəbli formasında olmalıdırlar.
“Bu, həm səliqə-sahman, həm də məktəbdə nizam-intizam baxımından vacibdir. Məktəb ilk növbədə elm və bilik məkanıdır”, - deyə T.Muradova qeyd edib.
Prorektor vurğulayıb ki, şagirdlər məktəbdə yalnız savad qazanmamalı, həm də tərbiyə almalı, milli dəyərləri və adət-ənənələri öyrənməlidirlər. Onun sözlərinə görə, Azərbaycan xalqının qədim geyimlərini və mədəniyyətini də unutmamaq lazımdır.
T.Muradova xüsusilə qızların təhsil almasının və savadlı yetişməsinin əhəmiyyətinə diqqət çəkib.
“Qızlarımızın gələcəkdə öz peşəsini seçməsi və həyatda öz yerini tapması çox önəmlidir. Mənim üçün ən vacib məsələ uşaqlarımızın gələcəyidir”, - deyə o bildirib.
Prorektor əlavə edib ki, uşaqların həm milli dəyərlərə bağlı, həm də müasir düşüncəli, bilikli və tərbiyəli insanlar kimi yetişdirilməsi əsas hədəf olmalıdır.
