Vahid məktəbli forması sağlam təhsil mühitinin yaradılmasına xidmət edə bilər – RƏY

Cəmiyyət Xəbər 11 Oktyabr 2026 20:04 (UTC +04:00)
Vahid məktəbli forması sağlam təhsil mühitinin yaradılmasına xidmət edə bilər – RƏY
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qəbul etdiyi qərar təhsil sisteminin təşkili, məktəb mühitində nizam-intizamın və bərabərlik prinsipinin təmin olunması baxımından olduqca əhəmiyyətlidir.

Bunu Trend-ə açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Şəbnəm Həsənli-Qəribova deyib.

Onun sözlərinə görə, vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial-iqtisadi fərqlərin nümayişinin qarşısının alınmasına, kollektivə mənsubiyyət hissinin gücləndirilməsinə və sağlam təhsil mühitinin yaradılmasına xidmət edə bilər.

“Təbii ki, cəmiyyətin müxtəlif təbəqələrinin bu məsələyə fərqli yanaşmaları və baxışları ola bilər. Lakin hesab edirəm ki, qəbul edilmiş qərarın mahiyyətini və qarşıya qoyulan məqsədləri nəzərə alaraq məsələyə, ilk növbədə, tədrisin təşkili və təlim-tərbiyə prosesinin səmərəliliyi baxımından yanaşmaq daha məqsədəuyğundur”, – deyə Şəbnəm Həsənli-Qəribova bildirib.

Xatırladaq ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə aşağıdakı dəyişikliklər ediləcək:
- Təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

- Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.
- Valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti