Bakı. Trend:
Fiziki şəxslər tərəfindən baqajda istehsal, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirildikdə gömrük orqanlarına sadələşdirilmiş bəyannamə təqdim ediləcək.
Bununla bağlı Baş nazir Əli Əsədovun sentyabrın 9-da imzaladığı müvafiq qərar oktyabrın 9-da qüvvəyə minib.
Qərara əsasən, fiziki şəxslər tərəfindən əl yükündə və (və ya) müşayiət olunan baqajda istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, lakin yazılı formada bəyan edilməli olan mallar keçirildikdə gömrük orqanlarına “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalar”ında göstərilmiş formada sadələşdirilmiş bəyannamə təqdim ediləcək.
Müşayiət olunmayan baqajda (Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri istisna olmaqla) keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara dair gömrük orqanlarına “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalar”ında göstərilmiş formada sadələşdirilmiş bəyannamə təqdim olunacaq.
Məlumat üçün bildirək ki, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməli olan malların fiziki şəxslər tərəfindən sadələşdirilmiş qaydada gömrük ərazisinə müvəqqəti gətirilməsi və bu ərazidən müvəqqəti aparılması da sadələşdirilmiş bəyannamə vasitəsilə bəyan edilir.
Təbii aşınma və təbii itki halları istisna olmaqla, müvəqqəti gətirilən və müvəqqəti aparılan mallar dəyişdirilməmiş vəziyyətdə geri qaytarılmalıdır.
Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş və ya müvəqqəti aparılmış malların geri aparılmasının və ya geri gətirilməsinin gömrük rəsmiləşdirilməsi istənilən gömrük orqanında həyata keçirilə bilər.
Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üzrə gömrük borcu, onlar fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən, sadələşdirilmiş bəyannamənin təsdiqi ilə eyni vaxtda ödənilir.
Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların bəyan edilməsi ilə bağlı digər məsələlər “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən müəyyən edilir.
Bundan əlavə, qərara əsasən, “Qırmızı kanal” buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə verilməklə onların kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi üçün nəzərdə tutulacaq.
Məlumat üçün bildirək ki, fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı - “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemləri tətbiq olunur.
“Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur.
Şəxslər gömrük ərazisinə daxil olduqları andan dərhal bu barədə həmin ərazidəki gömrük orqanının vəzifəli şəxslərinə gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı - “Yaşıl kanal” və “Qırmızı kanal” buraxılış sistemlərindən istifadə edərək məlumat verməlidirlər.
