Məktəblərdə dünyəvilik prinsipi təhsilin dünya standartlarına uyğunlaşmasıdır -ŞƏRH

Cəmiyyət Xəbər 11 Oktyabr 2026 18:10 (UTC +04:00)
Məktəblərdə dünyəvilik prinsipi təhsilin dünya standartlarına uyğunlaşmasıdır -ŞƏRH
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan təhsil sistemində dünyəvilik prinsipinin tətbiqi təhsilin dünya standartlarına uyğunlaşması yolunda atılmış ciddi bir addımdır.

Bu barədə Trend-ə açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin aparıcıelmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev deyib.

O qeyd edib ki, Azərbaycanda məktəblərdə tətbiq olunan vahid geyim forması ilə bağlı sadəcə yanlış təsəvvür formalaşıb.

“Azərbaycan sekulyar dövlətdir və təhsil hər bir dövlətin ən strateji sahələrindən biri hesab olunur. Bu baxımdan Azərbaycan təhsil sistemində dünyəvilik prinsipinin tətbiqi təhsilin dünya standartlarına uyğunlaşması yolunda atılmış ciddi bir addımdır.

Təhsil müəssisəsində təhsil verən də, təhsil alanda bərabər olmalı, dövlətin ideoloji xəttini uyğun davranmalıdır. Bu baxımdan vahid geyim formasının tətbiqi təhsildə bərabərliyi təmin edəcək, ayrıseçkiliyi aradan qaldıracaq”,- deyə o əlavə edib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı isə Trend-ə bildirib ki, orta məktəblərdə vahid geyim prinsipinin birmənalı qorunması məhdudiyyət deyil, Azərbaycanın modern və müstəqil dövlət modelinin, güclü maarifçilik xəttinin göstəricisidir.

O bildirib ki, bu siyasət gənc nəsli kənar ideoloji təsirlərin təzyiqindən sığortalayır, onlara bitərəf və təhlükəsiz təhsil mühitində inkişaf etmək imkanı verir.

“Yetkinlik yaşına çatan hər bir fərd öz həyat tərzini və dünyagörüşünü sərbəst şəkildə müəyyənləşdirmək hüququna malikdir, lakin məktəb həmişə toxunulmaz bir elm məbədi kimi qalmalı, elmin və milli-mənəvi tərəqqinin işığı hakim olmalıdır”,- deyə o vurğulayıb.

Xatırladaq ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə aşağıdakı dəyişikliklər ediləcək:
- Təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

- Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.
- Valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti