İrlandiya Aİ büdcəsinə 140 milyard avroluq ixtisarlar təklif edir

Dünya xəbərləri Xəbər 10 Oktyabr 2026 19:03 (UTC +04:00)
İrlandiya Aİ büdcəsinə 140 milyard avroluq ixtisarlar təklif edir
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Aİ-yə növbəli sədrlik edən İrlandiya şənbə günü 2028–2034-cü illəri əhatə edən yenilənmiş Avropa İttifaqı büdcəsi layihəsini təqdim edib. Yeni layihədə Avropa Komissiyasının ilkin təklifi ilə müqayisədə təxminən 140 milyard avro azalma nəzərdə tutulur.

İrlandiyanın bildirdiyinə görə, Aİ-yə üzv olan 27 ölkənin kəskin fərqlənən mövqelərini uzlaşdırmağa yönəlmiş bu alternativ təklif Brüsselin ötən il təqdim etdiyi layihə ilə müqayisədə 8 faiz, yəni 141 milyard avro qənaət etməyə imkan verəcək.

Yenilənmiş büdcə layihəsi müxtəlif ölkələrin bir-birinə zidd mövqeləri səbəbindən dalana dirənmiş Aİ-nin maliyyələşdirilməsi ilə bağlı 27 üzv dövlət arasında müzakirələri irəli aparmaq məqsədi daşıyır.

Bir tərəfdən, Almaniya Brüsselin ötən il hazırladığı layihə ilə müqayisədə büdcənin bir neçə yüz milyard avro azaldılmasını tələb edir. Bu mövqeni Avropanın şimal və mərkəzi hissəsində yerləşən, “qənaətcil ölkələr” adlandırılan bir sıra dövlətlər də dəstəkləyir.

Digər tərəfdən, Fransa və onun prezidenti Emmanuel Makron “real Avropa siyasətlərinin” həyata keçirilməsi üçün “ambisiyalı” büdcənin zəruri olduğunu dəfələrlə vurğulayırlar.

Avropanın cənubunda və şərqində yerləşən, “kohesiyanın dostları” adlanan qrupa daxil olan 17 ölkə kənd təsərrüfatı və regionlar üçün daha çox vəsait ayrılmasını tələb edir.

İrlandiyanın kompromis təklifində nəzərdə tutulan qənaət əsasən “Global Europe” beynəlxalq inkişaf yardımı proqramı, inzibati xərclər və rəqabət qabiliyyətinin artırılmasına həsr olunmuş yeni fond hesabına əldə edilməlidir.

Bununla belə, Aİ-nin ənənəvi siyasətlərinə ayrılan vəsaitlərin, ümumilikdə, Brüsselin təklif etdiyi səviyyədə saxlanılması nəzərdə tutulur. Ümumi kənd təsərrüfatı siyasəti, eləcə də sosial və ərazi həmrəyliyi çərçivəsində üzv dövlətlərə ayrılan məbləğlərin azaldılması planlaşdırılmır.

Bundan əlavə, İrlandiya üzv dövlətlərin töhfələrini eyni dərəcədə artırmadan Avropa büdcəsini maliyyələşdirmək üçün əlavə 55 milyard avro həcmində “xüsusi gəlir mənbələri” yaradılmasını təklif edib.

Avropa Komissiyasının əvvəlki təklifinə uyğun olaraq, birbaşa Aİ büdcəsinə yönəldiləcək bu gəlirlər, əsasən, elektron tullantılara və iri şirkətlərə tətbiq edilən vergilər hesabına formalaşacaq.

İrlandiyanın hazırladığı bu kompromis variant gələn həftə Brüsseldə keçiriləcək Avropa ölkələrinin dövlət və hökumət başçılarının sammitində müzakirə olunacaq.

Avropa institutlarının rəhbərləri 2027-ci ildə keçiriləcək çoxsaylı seçki kampaniyalarının, xüsusilə də Fransada keçiriləcək prezident seçkilərinin danışıqları çətinləşdirməsinin qarşısını almaq üçün Milad bayramına qədər razılaşma əldə etməyə çalışırlar. Fransada ifrat sağçı qüvvələr rəy sorğularında hazırda öndə gedirlər.

Xəbər lenti

Xəbər lenti