Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

Siyasət Xəbər 9 Oktyabr 2026 15:08 (UTC +04:00)
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Türkmənbaşı. Trend:

Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək.

Trend-in xüsusi müxbirinin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfəri zamanı 9 oktyabr 2026-cı ildə Türkmənbaşı şəhərində Avaza Milli Turizm Zonasında keçirilmiş Xəzər Ekoloji Sammitində iştirak edib.

Tədbirin nəticəsi olaraq, Xəzər Ekoloji Sammitinin yekunlarına dair Xəzəryanı Dövlətlərin Başçılarının Qərarı imzalanıb.

Qərarda Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanın prezidentlərinin Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı problemlərin həlli üçün beştərəfli əməkdaşlığın səmərəliliyinin artırılması məqsədilə aşağıdakılara dair qərar qəbul etdikləri bildirilir:

"Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının və Türkmənistanın hökumət başçılarının müavinləri, İran İslam Respublikasının və Rusiya Federasiyasının yüksək vəzifəli nümayəndələri səviyyəsində Komissiyanın təsis edilməsi.

Komissiyanın əsas məqsədi Xəzər dənizinin səviyyəsinin enməsinin səbəblərinin müəyyənləşdirilməsini, habelə onun dayazlaşmasının yaratdığı mənfi proseslərə qarşı mübarizə üzrə razılaşdırılmış kompleks tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməkdir.

Komissiya tərəfindən öz fəaliyyətinin təmin edilməsi məqsədilə Xəzəryanı ölkələrin dövlət qurumlarının nümayəndələrinin, ekspertlərinin və mütəxəssislərinin də daxil olduğu zəruri ixtisaslaşmış İşçi qruplarının yaradılması.

Hökumətlər tərəfindən üç ay müddətində sözügedən Komissiyada dövlətləri təmsil edəcək səlahiyyətli nümayəndələrin müəyyən edilməsi. Komissiyanın ilk iclasının 2027-ci ilin birinci yarısında Azərbaycan Respublikasında keçirilməsi və onun reqlamentinin təsdiq edilməsi.

Sonrakı iclasların Xəzəryanı dövlətlərin ərazilərində ingilis əlifbasının sıralanma qaydasına uyğun olaraq növbə ilə keçirilməsi".

Qeyd edək ki,Sözügedən məsələ ilə bağlı komissiya və ya işçi/ekspert qruplarının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülüb. 29 iyun 2022-ci ildə Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident İlham Əliyev Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi və dayazlaşması problemini xüsusi vurğulayaraq, bu ekoloji fəlakətin səbəblərini öyrənmək və fəsadların qarşısını almaq üçün Xəzəryanı ölkələrin mütəxəssislərindən ibarət birgə ekspert qruplarının yaradılmasını təklif edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti