Bakı.Trend:
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu sənəd Konfransda keçirilən müzakirələrin nəticələrini və ortaq prioritetləri - etimadın möhkəmləndirilməsi, humanitar əməkdaşlığın genişləndirilməsi və itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün səmərəli mexanizmlərin işlənib hazırlanması əks etdirir.
Bəyannamədə deyilir:
Biz, İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində 7-10 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Bakı şəhərində keçirilən "İtkin düşmüş şəxslər probleminin həllində etimadın möhkəmləndirilməsi və səmərəli mexanizmlərin və həll yollarının işlənilməsi" mövzusunda Beynəlxalq Konfransın iştirakçıları aşağıdakıları bəyan edirik:
Müharibə qurbanlarının müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onların 1977-ci il tarixli Əlavə Protokollarını, habelə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin və Təhlükəsizlik Şurasının itkin düşmüş şəxslərə dair qətnamələrini rəhbər tutaraq;
Silahlı münaqişə nəticəsində itkin düşmüş kimi qeydə alınmış şəxslərin uçotunu aparmaq üçün dövlətlərin bütün tədbirləri görmək öhdəliyini xatırladaraq;
Dünyanın müxtəlif yerlərində aşkar edilən kütləvi məzarlıqların sayının artmasından dərin narahatlığımızı ifadə edərək;
Ailələrin öz itkin düşmüş qohumlarının taleyini bilmək hüququnu bir daha təsdiqləyərək;
İtkin düşmüş şəxslərlə bağlı halların həllinin etimadın yaradılması və barışıq, həmçinin dayanıqlı sülhün bərqərar olması üçün əhəmiyyətini vurğulayaraq;
Beynəlxalq humanitar hüquqa və beynəlxalq insan hüquqları hüququna əməl etmək və onlara hörmətlə yanaşılmasını təmin etmək öhdəliklərini xatırladaraq;
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqunun bu humanitar məsələdə maarifləndirmənin artırılmasına və praktiki əməkdaşlığın təşviqinə verdiyi töhfəni nəzərə alaraq;
1. Dövlətləri şəxslərin itkin düşməsinin qarşısını almaq, itkin düşmüş kimi qeydə alınan şəxslərin axtarışını və uçotunu aparmaq, ailələrə itkin düşənlərin taleyi barədə məlumat vermək üçün bütün tədbirləri görməyə çağırır.
2. Dövlətləri itkin düşmüş şəxslərin yerinin müəyyənləşdirilməsi və eyniləşdirilməsi ilə bağlı bütün mövcud məlumatları, o cümlədən fərdi və kütləvi dəfn yerlərinə dair qeydləri paylaşmağa dəvət edir.
3. İnsan qalıqlarının təhlükəsiz, ləyaqətli və elmi baxımdan əsaslandırılmış şəkildə çıxarılmasının, sənədləşdirilməsinin, eyniləşdirilməsinin və qaytarılmasının, habelə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün vacib olan qeydlərin və sübutların qorunub saxlanılmasının vacibliyini vurğulayır.
4. Bir sıranın ölkələrində müvafiq dövlət qurumlarının insan qalıqlarının eyniləşdirilməsi və onların ləyaqətlə dəfn edilməsinin təmin olunması istiqamətindəki səylərini təqdir edir.
5. Silahlı münaqişə ilə əlaqədar itkin düşmüş kimi qeydə alınan şəxslərin ailələrinin öz qohumlarının taleyini bilmək hüququnu bir daha təsdiqləyir.
6. Piyada əleyhinə minaların və digər partlamamış hərbi sursatların axtarış və bərpa səylərinə mane ola biləcəyindən narahatlığını ifadə edir.
7. Dövlətləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarını ən yaxşı təcrübələrin mübadiləsi və texniki tövsiyələrin verilməsi vasitəsilə, o cümlədən məhkəmə ekspertizası elmləri və digər yeni texnologiyalardan istifadə etməklə itkin düşmüş şəxslər probleminin həlli üçün əməkdaşlığı gücləndirməyə dəvət edir.
8. Beynəlxalq təşkilatlara, xüsusən də Birləşmiş Millətlər Təşkilatına silahlı münaqişə nəticəsində itkin düşmüş şəxslər məsələsi ilə xüsusi olaraq məşğul olacaq mexanizmin yaradılmasına köməklik göstərmək barədə çağırışını bir daha təkrar edir və bu məqsədlə BMT ilə əməkdaşlığa hazır olduğunu bildirir.
9. Təcrübə mübadiləsi, etimadın qurulması və ailələr üçün cavabların tapılmasına yönəlmiş praktiki əməkdaşlığın irəlilədilməsi üçün getdikcə daha mühüm platformaya çevrilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqunun fəaliyyətini təqdir edir.
10. Konfransın təşkilinə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə milli və beynəlxalq səylərin konstruktiv müzakirəsi üçün forum təmin etdiyinə görə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına dərin minnətdarlığını bildirir”
Qeyd edək ki, tədbirin Proqramı 9 və 10 oktyabr tarixlərində Qarabağa səfərlə davam edəcək. Konfransın tərkib hissəsi olan bu səfər münaqişənin humanitar fəsadlarını, axtarışların aparıldığı şəraiti, minalar və partlamamış hərbi sursatların yaratdığı çətinlikləri daha dərindən anlamağa imkan verəcək. Proqrama, həmçinin Xocalı Memorial Kompleksinə, Şuşa və Laçına səfərlər, azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə tanışlıq imkanı daxildir.
