Türkməmbaşı. Trend:
Qazaxıstan Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin süni intellektdən məsuliyyətli istifadəsi haqqında bəyannamənin hazırlanmasını təklif edib.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 8-də "Avaza"da keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.
“Bu amilin əhəmiyyətini əlavə izah etməyə ehtiyac yoxdur. Xatırlatmaq istərdim ki, bu il Qazaxıstanda rəqəmsallaşma və süni intellektin inkişafı ili elan edilib. Qazaxıstan ardıcıl olaraq süni intellekt üzrə bütöv ekosistem formalaşdırır, süni intellekt haqqında qanun qəbul edilib, "Digital Kazakhstan" strategiyası həyata keçirilir, superkompüter klasterləri istifadəyə verilib, beynəlxalq "OpenAI" mərkəzi fəaliyyət göstərir. Bu mövzunun müstəsna əhəmiyyətini nəzərə alaraq, bütün elmi mərkəzlərimizin, universitetlərimizin və texnologiya şirkətlərimizin məlumat və təcrübə mübadiləsi apara bilməsi üçün Mərkəzi Asiyanın süni intellekt üzrə tərəfdaşlıq proqramının hazırlanması imkanına baxmağı təklif edirəm”, - deyə o bildirib.
Tokayevin sözlərinə görə, əsas şərtlərdən biri neyroşəbəkələrdən təhlükəsiz istifadədir.
“Bu mövzu artıq beynəlxalq səviyyəyə çıxıb və fəal şəkildə müzakirə olunur. Bununla bağlı risklər artıq ciddi beynəlxalq müzakirələrin predmetinə çevrilir. Məncə, kritik əhəmiyyətli texnologiyalar üzərində nəzarəti təmin edən yanaşmaların birgə hazırlanmasına başlanılmalıdır. Bunu nəzərə alaraq, Qazaxıstan Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin süni intellektdən məsuliyyətli istifadəsi haqqında bəyannaməsinin hazırlanmasını təklif edib”, - deyə o əlavə edib.
