ADY Abşeron dairəvi dəmir yolu xəttində sərnişin sıxlığının səbəblərini açıqlayıb

Cəmiyyət Xəbər 7 Oktyabr 2026 16:39 (UTC +04:00)
ADY Abşeron dairəvi dəmir yolu xəttində sərnişin sıxlığının səbəblərini açıqlayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər xüsusilə pik saatlarda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda sərnişin sayının artması bir neçə amillə bağlıdır.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Trend-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, hazırda şəhərətrafı sərnişindaşıma 9 qatarla 102 reys üzrə həyata keçirilir. Sərnişin sayının sürətli artımı fonunda qatar parkının mövcud imkanlarından əsasən səhər və axşam pik saatlarında daha intensiv istifadə olunur.

“Gündəlik sərnişin sayı 2024-cü ildə 36 min, 2025-ci ildə 42 min olduğu halda, 2026-cı ilin sentyabrından artıq 52 mindən çox təşkil edir. Beləliklə, son iki ildə sərnişin axınında 40 faizdən çox artım qeydə alınıb”, – məlumatda vurğulanıb.

ADY-dən bildirilib ki, sərnişin artımına şəhərin ümumi nəqliyyat sistemində baş verən dəyişikliklər də təsir edir. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropoliteninin Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinin icrasına başlanılıb. Bununla əlaqədar sərnişinlərin bir hissəsinin şəhərətrafı qatarlarla səfərlərə daha çox üstünlük verməsi müşahidə olunur.

Açıqlamada qeyd edilib ki, qatarlar əsasən yay aylarında planlı şəkildə əsaslı təmirə cəlb olunur. Bununla yanaşı, müəyyən texniki xidmət və təmir işləri aylıq qaydada da həyata keçirilir.

“Sentyabrda tədris ilinin başlaması ilə əlaqədar sərnişin artımı nəzərə alınaraq qatarlardan biri pik saatlarda əlavə reyslərin yerinə yetirilməsinə cəlb olunub. Həmin qatar oktyabrın 5-dən təmirə göndərildiyi üçün hərəkət cədvəlində müvəqqəti dəyişikliklər edilib. Texniki xidmət və təmir işləri qatarların təhlükəsiz və etibarlı istismarının təmin olunması baxımından zəruridir”, – ADY-dən bildirilib.

Qurumun məlumatına görə, artan sərnişin tələbatı nəzərə alınaraq şəhərətrafı daşımaların imkanlarının genişləndirilməsi istiqamətində mərhələli tədbirlər həyata keçirilir.

Abşeron dairəvi dəmir yolu xəttinin dəyişən cərəyan sisteminə keçidi üzrə işlər başa çatdıqdan sonra bu sistemlə işləyən qatarların da marşrutda istifadəsi mümkün olacaq. Bu isə sərnişin tələbatının yüksək olduğu saatlarda əlavə daşıma imkanlarının artırılmasına şərait yaradacaq.

Bununla yanaşı, Dövlət Proqramı çərçivəsində 2030-cu ilədək əlavə 20 sərnişin qatarının alınması üçün işlər görülür.

ADY-dən vurğulanıb ki, yeni qatarların alınması yalnız satınalma prosedurundan ibarət deyil. Hərəkət tərkibinin texniki tələblərinin müəyyənləşdirilməsi, istehsalı, sınaqları, Azərbaycanın dəmir yolu infrastrukturu və enerji sistemlərinə uyğunlaşdırılması, eləcə də istismara qəbul prosesi müəyyən vaxt tələb edir.

“Azərbaycan Dəmir Yolları artan sərnişin tələbatını nəzərə alaraq mövcud imkanlardan maksimum səmərəli istifadənin təmin edilməsi, qatar parkının mərhələli şəkildə genişləndirilməsi və pik saatlarda sərnişin sıxlığının azaldılması istiqamətində tədbirləri davam etdirəcək”, – açıqlamada bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti