Bakı. Trend:
Sumqayıt Sənaye Parkında yeni istehsalat binalarının və onların fəaliyyətini təmin edəcək mühəndis-kommunikasiya infrastrukturunun yaradılması planlaşdırılır.
Dövlət satınalmalarının vahid internet portalında dərc edilən məlumata əsasən, bununla bağlı parkın ərazisində layihə-smeta sənədləri hazırlanacaq.
Layihə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən həyata keçiriləcək. İşlər Sumqayıt Sənaye Parkında ayrılmış 2,29 hektar ərazini əhatə edəcək. Layihə-smeta sənədlərinin hazırlanması xidmətinin dəyəri 170 min manat təşkil edir.
Layihənin birinci mərhələsində ərazidə üç istehsalat binasının yaradılması nəzərdə tutulur. Onlardan birinin sahəsi 1 728 kvadratmetr, digər iki binanın hər birinin sahəsi isə 1 920 kvadratmetr olacaq. Beləliklə, birinci mərhələdə ümumi sahəsi 5 568 kvadratmetr olan üç istehsalat binasının tikintisi planlaşdırılır.
Layihənin perspektiv mərhələsində isə daha üç istehsalat binasının inşası nəzərdə tutulur. Bu binaların hər birinin sahəsinin 1 920 kvadratmetr olması planlaşdırılır. Bununla ikinci mərhələnin də həyata keçirilməsi nəticəsində istehsalat binalarının ümumi sayı altıya çatdırılacaq.
Yeni istehsalat sahələri ilə yanaşı, ərazidə onların fəaliyyətini təmin edən zəruri infrastrukturun yaradılması da layihənin əsas hissələrindən biridir. Burada daxili avtomobil yollarının, elektrik və su təchizatı şəbəkələrinin, kanalizasiya sistemlərinin, yanğınsöndürmə infrastrukturunun və rabitə sistemlərinin qurulması nəzərdə tutulur.
Ərazidə yük avtomobillərinin hərəkəti üçün daxili yol infrastrukturu yaradılacaq. Bundan başqa, texniki yolların çəkilməsi, xarici işıqlandırma sistemlərinin quraşdırılması və ərazinin abadlaşdırılması planlaşdırılır.
Layihədə elektrik enerjisi təchizatının dayanıqlılığının təmin edilməsi üçün ehtiyat enerji sistemlərinin yaradılması da nəzərdə tutulub. Bu məqsədlə dizel generator qurğusu, avtomatik ehtiyat enerji qoşulma sistemi və generator üçün xüsusi meydançanın yaradılması planlaşdırılır.
İstehsalat binalarında içməli və texniki su təchizatı, məişət və yağış suları kanalizasiya sistemləri, həmçinin yanğın su təchizatı və yanğınsöndürmə sistemləri qurulacaq. Binaların rabitə, internet və digər zəif cərəyan sistemləri ilə təmin edilməsi də layihəyə daxildir.
Ərazinin təhlükəsizliyi üçün videomüşahidə və giriş-çıxışa nəzarət sistemlərinin quraşdırılması, həmçinin nəzarət-buraxılış məntəqəsinin yaradılması planlaşdırılır. İstehsalat bloklarında sanitar qovşaqların, ümumi havalandırma sistemlərinin və digər zəruri kommunikasiyaların yaradılması da nəzərdə tutulur.
Layihə çərçivəsində istehsalat binalarının texniki xüsusiyyətləri də müəyyənləşdiriləcək. Birinci mərhələdə nəzərdə tutulan binaların dəmir-beton konstruksiyalardan inşa edilməsi, onların müvafiq elektrik, su, kanalizasiya və yanğın təhlükəsizliyi sistemləri ilə təmin olunması planlaşdırılır. İstehsalat məqsədləri üçün tələb olunan xüsusi havalandırma sistemlərinin isə gələcək icarəçilər tərəfindən ayrıca quraşdırılması nəzərdə tutulur.
Layihələndirmə zamanı ərazinin planlaşdırılması və hamarlanması, mühəndis-geoloji və topoqrafik işlərin aparılması, geoloji hesabatın hazırlanması, şəhərsalma əsaslandırmasının və müfəssəl baş planın hazırlanması da həyata keçiriləcək.
Bundan əlavə, layihəyə müəllif nəzarətinin həyata keçirilməsi və yerli tikinti materiallarından istifadə olunması nəzərdə tutulur.
Qeyd edək ki, Sumqayıt Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb. Parkın əsas məqsədi ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün əlverişli şərait yaratmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun dayanıqlı inkişafına töhfə vermək və sənaye sahəsində məşğulluğu artırmaqdır.
Hazırda Sumqayıt Sənaye Parkının ümumi ərazisi 640 hektardır. Parkda həyata keçirilən layihələr üzrə ümumi investisiya həcmi 3,94 milyard ABŞ dollarına çatır. Burada yaradılması nəzərdə tutulan daimi iş yerlərinin sayı isə 6 134-dür.
