Suverenlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq BMT Nizamnaməsinin prinsipləridir - Şəhriyar Hacıyev

Siyasət Xəbər 8 Oktyabr 2026 03:22 (UTC +04:00)
Suverenlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq BMT Nizamnaməsinin prinsipləridir - Şəhriyar Hacıyev

Bakı. Trend:

Azərbaycan insan hüquqlarının təşviqi və müdafiəsinə sadiqliyini bir daha təsdiqləyib, keçmiş münaqişənin yaratdığı humanitar nəticələrə, o cümlədən minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlərə diqqət çəkib. Bu barədə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində 70-ci gündəm bəndi - “İnsan hüquqlarının təşviqi və müdafiəsi” üzrə çıxışı zamanı bildirib.

“Bu gün dünyamız artan münaqişələr, dərinləşən bərabərsizlik və iqlim dəyişikliyinin təsirləri nəticəsində ciddi problemlərlə üzləşdiyi bir vaxtda insan ailəsinin bütün üzvlərinin ayrılmaz ləyaqətinin, bərabər və ayrılmaz hüquqlarının qorunması son dərəcə böyük əhəmiyyət daşıyır.

Azərbaycan Konstitusiyasının müəyyən etdiyi kimi, insan hüquq və azadlıqlarının təmin edilməsi ən yüksək prioritetli məqsəddir və insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində davamlı tərəqqinin təmin olunması məqsədilə ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilir.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının insan hüquqları mexanizmləri, xüsusilə Universal Dövri İcmal, müqavilə qurumları və xüsusi prosedurlar üzrə mandat sahibləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu çərçivədə Azərbaycan beynəlxalq insan hüquqları sənədlərinin icrası ilə bağlı milli hesabatları mütəmadi olaraq təqdim edir və monitorinq mexanizmləri ilə dialoqu davam etdirir.

Keçmiş münaqişə nəticəsində öz yurdlarından didərgin düşmüş azərbaycanlıların insan hüquqlarının bərpası hər zaman dövlətin prioritet istiqamətlərindən biri olub. Azərbaycanın “Böyük Qayıdış” Proqramı çərçivəsində həyata keçirdiyi sistemli bərpa və yenidənqurma tədbirləri artıq 96 min insanın işğaldan azad edilmiş ərazilərə qayıtmasına və orada yaşamasına imkan verib.

Bu səylərə genişmiqyaslı minalanma ciddi maneə yaradır. Minalar nəticəsində 400-dən çox insan həlak olub və ya ağır yaralanıb ki, bu da onların zərərsizləşdirilməsi istiqamətində səmimi əməkdaşlığın zəruriliyini göstərir. Eyni zamanda, itkin düşmüş kimi qeydiyyata alınmış 4 mindən çox şəxsin taleyi digər həllini gözləyən humanitar problem olaraq qalır.

Münaqişə başa çatdıqdan sonra 253 nəfərin qalıqlarının aşkar edildiyi 32 kütləvi məzarlıq müəyyənləşdirilib. Bu məzarlıqlar mülki şəxslərin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürüldüyünə dair əlavə sübutlar təqdim edir.

Dəfn yerləri ilə bağlı bütün zəruri məlumatların təqdim edilməsi, arxivlərin açılması və şahid ifadələrinin toplanması itkin düşmüş şəxslərin ailələrinin həqiqəti bilmək hüququnun həyata keçirilməsi üçün görülməli tədbirlər sırasındadır. Azərbaycan harada olduğu məlum olmayan şəxslərin taleyinə aydınlıq gətirmək üçün bütün resurslarını səfərbər etməkdə davam edəcək.

Məsuliyyət danılmazdır və törədilmiş hüquqpozmaların qaçılmaz nəticəsi olmalıdır. Azərbaycan münaqişə zamanı öz vətəndaşlarına və beynəlxalq hüquqla qorunan digər şəxslərə qarşı törədilmiş ağır cinayətlərin milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğun şəkildə araşdırılması və təqib olunması istiqamətində qətiyyətli addımlar atıb.

Kəndlilərin və kənd yerlərində çalışan digər insanların hüquqları üzrə İşçi Qrupunun Üçüncü Komitəyə təqdim etdiyi A/81/211 saylı hesabatla bağlı Azərbaycan vurğulayır ki, mandat sahibləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərini rəhbər tutmalıdırlar. Bundan əlavə, xüsusi prosedurlar öz funksiyalarını mandatlarına ciddi uyğunluq əsasında həyata keçirməli, onların təqdim etdikləri məlumatlar etibarlı, qarşılıqlı yoxlanılmış və müvafiq, mötəbər mənbələrdən əldə edilmiş olmalıdır. Bu, İnsan Hüquqları Şurasının 18 iyun 2007-ci il tarixli 5/2 saylı “Xüsusi prosedurlar üzrə mandat sahibləri üçün Davranış Məcəlləsi” adlı qətnaməsinə uyğundur. Təəssüf ki, yuxarıda qeyd olunan hesabat bu tələblərə cavab vermir.

Suveren bərabərlik, ərazi bütövlüyünə hörmət və dövlətlərin daxili işlərinə qarışmamaq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş fundamental prinsiplərdir. Biz müxtəlif beynəlxalq platformalarda insan hüquqlarının siyasiləşdirilməsi və ikili standartların tətbiqi, yaxud insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə müdaxilə hallarının artması tendensiyasına qarşı çıxırıq.

Bu baxımdan vurğulayırıq ki, Komitənin diqqətinə çatdırılan, o cümlədən Çinlə bağlı bəzi məsələlər bu yanaşma nəzərə alınmaqla və qeyd olunan prinsiplərə tam uyğun şəkildə nəzərdən keçirilməlidir”, - deyə Şəhriyar Hacıyev bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti