Silahlı münaqişənin tərəfləri itkin düşmüş şəxslərin taleyini araşdırmaq üçün bütün zəruri tədbirləri görməlidir - Fariz Rzayev

Cəmiyyət Xəbər 7 Oktyabr 2026 10:25 (UTC +04:00)
Silahlı münaqişənin tərəfləri itkin düşmüş şəxslərin taleyini araşdırmaq üçün bütün zəruri tədbirləri görməlidir - Fariz Rzayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Silahlı münaqişənin tərəfləri itkin düşmüş şəxslərin taleyini araşdırmaq, əllərindəki məlumatları qeydə almaq və bölüşmək, həlak olanları axtarmaq və onların qalıqlarına ehtiramla yanaşmaq üçün bütün zəruri tədbirləri görməlidir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev çərşənbə günü İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, itkin düşmüş şəxsin ailəsi üçün o, heç vaxt sadəcə bir statistika və ya qeydiyyat nömrəsi deyil.

“Bu qeyri-müəyyənlik, istər həyat yoldaşı, istər övladı, istərsə də valideyni olsun, onların gələcək qərarlarını formalaşdırır. Ziyarət edib matəm saxlayacaqları bir məzarın olub-olmayacağı məlum deyil. 4 000-dən çox Azərbaycan vətəndaşı itkindir və onların taleyi məlum deyil. Minlərlə ailə qeyri-müəyyənlik içində, illər, hətta onilliklər boyu bu əzabı çəkir.

Azərbaycan ərazilərinin azad edilməsindən sonra biz insan qalıqlarının olduğu çoxlu sayda kütləvi məzarlıq sahəsini aşkar etdik. Qalıqlar müayinə olunub, şəxsiyyətlər müəyyən edilib, onlara ləyaqətli dəfn mərasimi təşkil olunub. Lakin böyük əksəriyyətin taleyi hələ də məlum deyil”,- deyə o bildirib.

F.Rzayev əlavə edib ki, minalar və partlamamış hərbi sursatlar ərazidəki axtarış işlərini təhlükəli yaratmağa davam edir.

“Minlərlə itkin düşmüş azərbaycanlının və digər şəxslərin taleyini və yerini aydınlaşdıra biləcək, əllərində olan bütün məlumatları bölüşmələri üçün bütün tərəflərə bir daha çağırış edirəm.

Azərbaycan öz humanitar öhdəliklərinə sadiqliyini yalnız öz vətəndaşlarının işi ilə məhdudlaşdırmayıb. 2020-ci ilin noyabrından bəri, təhlükəsizlik çətinliklərinə və mina risklərinə baxmayaraq, axtarış işlərini davam etdirib.

Bu, bizim məsuliyyətli humanitar yanaşmamıza və kimin qalığı olmasından asılı olmayaraq insan ləyaqətinə verdiyimiz dəyərə sadiqliyimizi sübut edir”,- deyə o vurğulayıb.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində Gülüstan sarayında “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfrans keçirilir.

Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edirlər.

Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.

Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti