Bakı. Trend:
Vətən müharibəsində qazandığımız tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb.
Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
“Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyətini daha da genişləndirərək itkin düşmüş vətəndaşların yerinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkar edilməsi məqsədilə intensiv tədbirlər həyata keçirir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində Gülüstan sarayında “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfrans keçirilir.
Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edirlər.
Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.
Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir.
