Orta Dəhliz boyunca Baltik Dənizi Dövlətləri Şurasına bənzər platforma yaradılacaq

İqtisadiyyat Xəbər 6 Oktyabr 2026 15:00 (UTC +04:00)
Orta Dəhliz boyunca Baltik Dənizi Dövlətləri Şurasına bənzər platforma yaradılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Orta Dəhliz boyunca Baltik Dənizi Dövlətləri Şurasına bənzər institusional platformanın yaradılması nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin rəhbəri Fariz Əliyev çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

O bildirib ki, Orta Dəhlizin qarşıdakı illərdə milli nəqliyyat sistemlərinin məcmusundan tam inteqrasiya olunmuş beynəlxalq nəqliyyat dəhlizinə çevrilməsi üçün koordinasiyanın gücləndirilməsi vacibdir.

“Dəmir yollarına, limanlara və digər infrastruktura investisiyalarla yanaşı, rəqəmsal sistemlər, prosedurların uyğunlaşdırılması, səmərəli sərhəd-keçid məntəqələri, əlaqələndirilmiş əməliyyatlar və daha güclü institusional əməkdaşlıq kimi məsələləri də həll etməliyik”, – deyə F.Əliyev qeyd edib.

Onun sözlərinə görə, Orta Dəhlizin inkişafında iki əsas istiqamətə diqqət yetirilməlidir. Bunlar rəqəmsal sistemlərin qarşılıqlı işləkliyinin təmin edilməsi və dəhliz səviyyəsində əməliyyat və institusional koordinasiyanın gücləndirilməsidir.

F.Əliyev bildirib ki, Azərbaycan idxal, ixrac və tranzit əməliyyatlarını əhatə edən milli rəqəmsal vahid pəncərə sistemi yaradır.

“Bu sistem səmərəliliyin artırılmasına, təkrarlanan və artıq proseslərin aradan qaldırılmasına, yük sahibləri üçün isə dəhliz səviyyəsində görünürlük, izlənmə və proqnozlaşdırma imkanlarının yaradılmasına kömək edəcək”, – deyə o bildirib.

O vurğulayıb ki, digər Orta Dəhliz ölkələrinin də milli rəqəmsal vahid pəncərə sistemləri mövcuddur və onların bir-biri ilə qarşılıqlı işləyə bilməsi təmin edilməlidir.

“Qazaxıstan, Gürcüstan və Türkiyə kimi ölkələrin öz milli rəqəmsal vahid pəncərə sistemləri var. Biz təmin etməliyik ki, bu sistemlər bir-birini oxuya və anlaya bilsin. Buna görə də rəqəmsal qarşılıqlı işləkliyin təmin edilməsi əsas məsələlərdən biridir”, – deyə departament rəhbəri qeyd edib.

F.Əliyev bildirib ki, Orta Dəhliz üzrə müştəri ayrı-ayrı ölkələrin deyil, bütövlükdə dəhlizin fəaliyyətini qiymətləndirir. Buna görə də dəhliz ölkələri və tərəfdaşları arasında güclü institusional çərçivənin yaradılması zəruridir.

“Xoşbəxtlikdən, biz artıq bu prosesə başlamışıq. Baltik Dənizi Dövlətləri Şurasına bənzər bir struktur Orta Dəhliz boyunca yaradılır”, – deyə o bildirib.

Onun sözlərinə görə, tranzit sazişi dəhliz üzrə hüquqi və texniki prosedurlar, rəqəmsallaşma, infrastrukturun inkişafı və digər məsələləri əhatə edir.

“Dəhlizin inkişafının bütün aspektləri vahid platforma çərçivəsində nəzərdən keçirilir. Burada iki səviyyə olacaq. Birinci səviyyə işçi qruplardan, ikinci səviyyə isə Orta Dəhliz ölkələrinin yüksək vəzifəli şəxsləri və nazirlərinin təmsil olunacağı icraedici səviyyədən ibarət olacaq”, – deyə F.Əliyev qeyd edib.

O vurğulayıb ki, yaradılacaq platforma Orta Dəhlizin idarə edilməsini dəhliz səviyyəsində həyata keçirməyə və onun potensialından daha səmərəli istifadə etməyə imkan verəcək.

“Bizim üçün məsələ yalnız tranzit göstəricilərini artırmaq deyil. Uzunmüddətli baxışımız ölkəni tranzit ölkədən iqtisadi mərkəzə çevirməkdir. Biz sadəcə yükləri daşımamalı, onlara və proseslərə əlavə dəyər yaratmalı, regional iqtisadi mərkəzə çevrilməliyik. Bu, Azərbaycanın real ixrac potensialını gücləndirəcək”, – deyə F.Əliyev əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti