Bakı. Trend:
2026-cı ildə Bakıda yeni tikili mənzillərin qiyməti orta hesabla 14,3 faiz, köhnə tikili mənzillərin qiyməti isə 10,6 faiz artıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) araşdırmasına görə, hər iki kateqoriya üzrə ən yüksək qiymət artımı Səbail rayonunda qeydə alınıb. Burada yeni tikili mənzillər 22 faiz, köhnə tikili mənzillər isə 20,1 faiz bahalaşıb.
Yasamal rayonunda yeni tikililərdə qiymətlər 20,6 faiz, köhnə tikililərdə isə 19,5 faiz yüksəlib. Nəsimidə bu göstəricilər müvafiq olaraq 17,8 və 15,6 faiz, Nərimanovda isə 17,8 və 13,7 faiz təşkil edib.
Xətai rayonunda yeni tikili mənzillər 19 faiz, köhnə tikili mənzillər 12,4 faiz bahalaşıb. Yeni tikililər üzrə Nizamidə 16,4 faiz, Binəqədidə isə 15 faiz artım qeydə alınıb.
Digər rayonlarda yeni tikili mənzillərin qiymət artımı daha aşağı olub. Sabunçuda bahalaşma 10 faiz, Suraxanıda 9,8 faiz, Pirallahıda 7,5 faiz, Xəzərdə 6,1 faiz, Qaradağda isə 5 faiz təşkil edib.
Köhnə tikili mənzillər üzrə Suraxanıda qiymətlər 11,6 faiz, Sabunçuda 10,9 faiz yüksəlib. Binəqədidə artım 6,8 faiz, Xəzərdə 6,2 faiz, Qaradağda 5,2 faiz, Pirallahıda isə 5,1 faiz olub.
AQC-nin qiymətləndirməsinə əsasən, yeni tikili mənzillərin bahalaşmasına layihələrin yerləşməsi, tikinti keyfiyyəti, infrastruktura çıxış, nəqliyyat əlçatanlığı və yaşayış komplekslərinin imkanları təsir göstərir. Müasir mənzillərə tələbat da qiymətlərin formalaşmasında rol oynayır.
Avqust-sentyabr ayları üzrə aylıq qiymətləndirmədə yeni tikili mənzillərdə orta artım 1,4 faiz, köhnə tikili mənzillərdə isə 0,9 faiz təşkil edib.
