Bakı. Trend:
Bu il Azərbaycanın ümumi tranzit yükdaşımalarının həcminin 16 milyon tonu ötəcəyi, bunun 5,5 milyon tonunun isə Orta Dəhliz vasitəsilə həyata keçiriləcəyi gözlənilir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin rəhbəri Fariz Əliyev çərşənbə axşamı Bakıda keçirilən Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.
Onun sözlərinə görə, Orta Dəhliz Azərbaycanın uzunmüddətli nəqliyyat siyasətinin mühüm elementlərindən biridir və ölkənin Asiya ilə Avropa arasında tranzit və logistika qovşağı kimi rolunun gücləndirilməsinə xidmət edir.
“Orta Dəhliz sadəcə coğrafi marşrut deyil, dövlət səviyyəsində strateji prioritetdir. Azərbaycanın strateji coğrafi mövqeyi bizə Asiya ilə Avropa arasında mühüm tranzit və logistika qovşağı kimi çıxış etmək üçün təbii imkan yaradır. Lakin yalnız coğrafiya kifayət deyil”, – deyə F.Əliyev bildirib.
O qeyd edib ki, Azərbaycan son onilliklər ərzində nəqliyyat infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.
“Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükdaşıma qabiliyyəti hazırda 5 milyon ton, Bakı Limanının gücü isə 15 milyon ton və 160 min TEU təşkil edir. Limanın genişləndirilməsi nəticəsində bu göstəricilərin 2030-cu ilədək 25 milyon ton və 500 min TEU-ya çatdırılması planlaşdırılır”, – deyə departament rəhbəri vurğulayıb.
F.Əliyev bildirib ki, Azərbaycan dəmir yollarının, avtomobil yollarının, hava limanlarının, sərhəd-keçid məntəqələrinin və digər mühüm nəqliyyat infrastrukturunun tikintisi və modernləşdirilməsini də davam etdirir.
Onun sözlərinə görə, yeni nəqliyyat bağlantılarının yaradılması da prioritet istiqamətlərdəndir. Bu baxımdan Zəngəzur dəhlizi mühüm əhəmiyyət daşıyır.
“Zəngəzur dəhlizi regional inteqrasiya və iqtisadi rifah üçün böyük imkanlar yaradacaq. O, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlavə nəqliyyat bağlantısı yaradacaq və regional, beynəlxalq bağlantılar üçün yeni imkanlar açacaq”, – deyə F.Əliyev qeyd edib.
O bildirib ki, Azərbaycanın ərazisində Zəngəzur dəhlizi layihəsinin əsas hissəsi demək olar ki, tamamlanıb və gələn il istismara verilməsi gözlənilir. Türkiyə ərazisində Qars–İğdır–Culfa dəmir yolu xəttinin tikintisi də davam etdirilir və layihənin 2030-cu ilədək tamamlanması planlaşdırılır.
“Bu layihələr birlikdə Orta Dəhlizə əlavə 15 milyon ton ötürücülük qabiliyyəti qazandıracaq. Eyni zamanda marşrutların şaxələndirilməsi və Şərq-Qərb bağlantılarının gücləndirilməsi təmin ediləcək”, – deyə o əlavə edib.
Departament rəhbəri qeyd edib ki, Azərbaycan artan tələbatı qarşılamaq məqsədilə Xəzər dənizində ən böyük donanmaya malik olan “ASCO”nun imkanlarını da genişləndirir.
“Biz konteyner gəmiləri, super-bərələr və Ro-Ro gəmiləri sifariş etmişik. Bu ilin göstəriciləri Orta Dəhlizin artan rolunu nümayiş etdirir. Bu il Çindən təxminən 600 müntəzəm blok-qatar gəlib”, – deyə F.Əliyev bildirib.
Onun sözlərinə görə, əsas məqsəd nəqliyyat infrastrukturunun artan tələbatı qabaqlayacaq şəkildə inkişaf etdirilməsidir.
“Orta Dəhlizin qlobal logistika şəbəkəsində rəqabət qabiliyyətini təmin etmək üçün fiziki aktivlər əməliyyat səmərəliliyi ilə birbaşa əlaqələndirilməlidir. Proqnozlaşdırıla bilmə, izlənilə bilmə və çeviklik burada olduqca vacibdir”, – deyə o vurğulayıb.
F.Əliyev bildirib ki, fiziki infrastrukturun inkişafı ilə yanaşı, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, süni intellekt əsaslı risk idarəetməsi, avtomatlaşdırılmış yoxlama sistemləri və rentgen skanerlərinin tətbiqi, hüquqi standartların harmonlaşdırılması, koordinasiya və əməkdaşlıq da vacibdir.
“Fiziki infrastrukturun inkişafı nəqliyyat bağlantıları üçün ilkin şərtdir, lakin burada əsas məqam sinxron inkişafdır”, – deyə o əlavə edib.
