Bakı. Trend:
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 6-da üçüncü yarış gününün görüşləri baş tutacaq. Hidayət Heydərov mübarizəyə 1/32 finaldan başlayacaq.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Milli Gimnastika Arenasında Azərbaycanı qadınların -57 kq, kişilərin isə -73 kq çəki dərəcəsində ümumilikdə 3 cüdoçu təmsil edəcək.
-57 kq-da Xədicə Qədəşovanın mundialdakı ilk rəqibi Qırğızıstan təmsilçisi Janar Joldoşeva olacaq. Tərəflər 1/32 final mərhələsində üz-üzə gələcəklər.
-73 kq-da Hidayət Heydərov mübarizəyə 1/32 finaldan başlayacaq. Onun rəqibi Kosovo təmsilçisi Akil Qyakovadır.
Bu çəkidə Azərbaycanın digər təmsilçisi Rəşid Məmmədəliyev isə ilk görüşünü 1/16 finalda keçirəcək. Cüdoçumuz Adil Osmanov (Moldova) – Castin Lemir (Kanada) qarşılaşmasının qalibi ilə görüşəcək.
Üçüncü yarış gününün təsnifat mərhələsi saat 10:30-da, medal görüşlərini əhatə edən final bloku isə saat 18:00-da başlayacaq.
