Bakı. Trend:
Azərbaycan və Rəqəmsal Əməkdaşlıq Təşkilatı (DCO) arasında rəqəmsal transformasiya, innovasiya və texnologiya sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dima Əl-Yəhya ilə görüşüb.
Görüşdə rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiyaya və rəqabətqabiliyyətliliyin artırılmasına töhfəsi, texnologiya sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi və innovasiyalar əsasında məhsuldarlığın yüksəldilməsi məsələləri müzakirə olunub.
Startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də yüksək inkişaf potensialına malik şirkətlərin dəstəklənməsi, rəqəmsal ticarətin inkişafı və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər rəqəmsal transformasiya, innovasiya və texnologiya sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Qeyd edək ki, Rəqəmsal Əməkdaşlıq Təşkilatı 2020-ci ilin noyabrında rəqəmsal iqtisadiyyatın inklüziv və dayanıqlı inkişafını sürətləndirmək, rəqəmsal transformasiyanı təşviq etmək və bütün ölkələr, bizneslər və insanlar üçün rəqəmsal rifah imkanlarını genişləndirmək məqsədilə yaradılmış qlobal çoxtərəfli təşkilatdır.
Bu ilin sentyabrın 1-də Azərbaycan Respublikası Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul olunub.
"Bu üzvlük Azərbaycana bir sıra mühüm imkanlar yaradacaq. DCO platforması vasitəsilə ölkə qabaqcıl rəqəmsal siyasətlərə, təcrübə mübadiləsinə və beynəlxalq standartlara çıxış əldə edəcək. Eyni zamanda yerli startaplar üzv ölkələrin bazarlarına, birgə akselerasiya proqramlarına və vençur fondlarına çıxış imkanı qazanacaq. Gənclər və İKT mütəxəssisləri üçün birgə təlim və sertifikasiya proqramları vasitəsilə rəqəmsal bacarıqların artırılması sürətlənəcək, elektron ticarət və data əsaslı biznes modelləri üzrə yeni əməkdaşlıq imkanları açılacaq. Bundan əlavə, Azərbaycan Cənubi Qafqaz və Orta Asiya regionunda rəqəmsal körpü rolunu daha da gücləndirəcək, dövlət xidmətlərinin rəqəmsallaşması istiqamətində isə e-hökumət, süni intellekt və smart həllər sahəsində üzv ölkələrin təcrübəsindən faydalanmaq mümkün olacaq", - nazirlikdən bildirilib.
Nazirlik qeyd edib ki, DCO-ya üzvlük Azərbaycanın regional və qlobal müstəvidə rəqəmsal elm, səhiyyə, təhsil, ticarət, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığını gücləndirəcək, rəqəmsal transformasiyanı və texnologiya bazarının inkişafını dəstəkləyən qanunvericilik və siyasətlərin koordinasiyasına töhfə verəcək.
