Bakı. Trend:
KPMG Özbəkistanın inkişaf edən kommersiya banklarından biri - Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə (Azərbaycan Beynəlxalq Bankı) dəstək göstərib.
Bu barədə KPMG məlumat yayıb.
"Bu tranzaksiya ABB-nin coğrafi genişlənmə hədəflərinə doğru mühüm addım olmaqla yanaşı, Azərbaycanla Özbəkistan arasında iqtisadi və maliyyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
KPMG ABB-nin hüquq, maliyyə və biznes komandaları ilə birgə çalışaraq, bazar araşdırması, ilkin yoxlama, əməliyyatın icrası və hüquqi məsləhət xidmətləri göstərməklə tranzaksiyanın əsas mərhələlərinə dəstək verib.
KPMG-nin multidisiplinar komandası hədəf bankın skrininqi və bazarın araşdırılması, maliyyə, vergi, hüquq, İT və komplayens üzrə ilkin yoxlamaların aparılması, tranzaksiyanın strukturlaşdırılması və danışıqlar prosesinə dəstək, tranzaksiya sənədlərinin nəzərdən keçirilməsi, habelə zəruri tənzimləyici icazələrin alınmasında kömək göstərib", - məlumatda bildirilib.
Qeyd edilib ki, layihə KPMG-nin İnvestisiyalar və kapital bazarı, Hüquq, Vergi, Texnologiya və Risk xidmətləri üzrə mütəxəssislərini bir araya gətirməklə, maliyyə xidmətləri sektorunda transsərhəd əməliyyatların multidisiplinar xarakterini əks etdirib.
"KPMG sözügedən irimiqyaslı investisiyaya öz töhfəsini verməkdən qürur duyur, tranzaksiya prosesi boyunca nümayiş etdirdikləri peşəkarlıq və əməkdaşlığa görə ABB komandasına, Davr Bank-ın səhmdarlarına və rəhbərliyinə, eləcə də layihədə iştirak edən bütün digər tərəflərə təşəkkürünü bildirir", - məlumatda əlavə edilib.
Qeyd edək ki, ABB Maliyyə Qrupu ilə Davr Bank arasında əqdin bağlanması prosesi sentyabrın 10-da Daşkənd Fond Birjasında qeydiyyata alınıb. Tranzaksiyanın ümumi dəyəri 1,646 trilyon som, yaxud təxminən 140 milyon ABŞ dolları təşkil edib. Razılaşma çərçivəsində ABB Davr Bankın 51 milyon adi səhmini əldə etməklə bankın kapitalında 51 faizlik paya sahib olub.
Əqd ABB-nin Özbəkistan bazarına çıxışını təmin edən mühüm addım kimi qiymətləndirilir. Bank yaxın günlərdə Özbəkistanda “ABB Davr” brendi ilə universal bank kimi fəaliyyət göstərəcək və fərdi müştərilərə, kiçik və orta biznesə, eləcə də iri korporativ müştərilərə bank xidmətləri göstərəcək.
Hazırda Davr Bankın 2 milyondan çox müştərisi, 1 800-dən artıq əməkdaşı, 43 filial və xidmət mərkəzi var. Bankın aktivlərinin həcmi 2 milyard manatdan çoxdur və o, xüsusilə kiçik və orta biznesin maliyyələşdirilməsində fəal iştirak edir.
