Bakı.Trend:
"Fitch Solutions" 2026-cı il üçün "Brent" markalı neft fyuçerslərinin orta qiyməti ilə bağlı proqnozunu bir barel üçün 83 dollardan 93 dollara, 2027-ci il üçün isə 71 dollardan 81 dollara yüksəldib.
"Fitch Solutions"un proqnozunda qeyd olunur ki, yenilənmə ABŞ-İran müharibəsi ilə bağlı gözləntilərin dəyişməsi ilə əlaqədardır. Əgər əvvəllər analitiklər Hörmüz boğazının açılması ilə bağlı ilkin razılaşmanın 2026-cı ilin üçüncü rübündə əldə olunacağını güman edirdilərsə, indi belə bir razılaşmanın 2027-ci ilin birinci rübünə qədər əldə olunmasının çətin olduğunu düşünürlər.
"Fitch Solutions"un ssenarisinə əsasən, ilkin razılaşmanın əldə olunması ehtimalı 70 faiz qiymətləndirilir.
"Bu zaman razılaşmanın 2026-cı ilin dördüncü rübündə əldə olunması ehtimalı 25 faiz, 2027-ci ilin birinci rübündə 40 faiz, ikinci rübündə isə 5 faiz təşkil edir", - deyə proqnozda bildirilir.
"Eskalasiyanın baş verməsi ehtimalı 30 faiz qiymətləndirilir. Bu halda Yaxın Şərqdə yüksək intensivlikli hərbi əməliyyatlara qayıdış nəzərdə tutulur.
İlkin razılaşma əldə edildikdən sonra daha iki mümkün ssenari də nəzərdən keçirilir. Yekun razılaşmanın əldə olunması ehtimalı 40 faiz qiymətləndirilir. Bu ssenari ilkin razılaşmanın qüvvədə qalmasını, Hörmüz boğazında vəziyyətin tədricən normallaşmasını, nüvə proqramı və sanksiyalar da daxil olmaqla uzunmüddətli məsələlər üzrə danışıqların davam etdirilməsini nəzərdə tutur.
Danışıqların dövri olaraq pozulması və yenidən başlaması (Stop-Start Cycle) ssenarisinin ehtimalı 30 faiz qiymətləndirilir. Bu ssenari ilkin razılaşmanın pozulmasını və ya yekun razılaşma üzrə danışıqların dayandırılmasını, ardınca mürəkkəb danışıqlara və ya eskalasiyaya qayıdılmasını nəzərdə tutur".
Fitch Solutions növbəti üç-altı ay ərzində regiondan neft tədarükündə davam edən fasilələrin qiymətlərə təzyiq göstərəcəyini gözləyir. Analitiklərin qiymətləndirməsinə görə, Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar təklif tərəfdən davam edən məhdudiyyətlər vəziyyəti daha da çətinləşdirəcək.
"Ehtiyatların tükənməsi, neft emalı üzrə yüksək marjalar və münaqişənin daha uzun müddət davam edəcəyi ilə bağlı gözləntilər neft emalı şirkətlərini istehsal güclərindən istifadə səviyyəsini artırmağa sövq edəcək ki, bu da xam neftə tələbatı yüksəldəcək.
Bununla yanaşı, strateji ehtiyatlardan neftin məhdud həcmdə bazara çıxarılması və yeni hasilat gücləri davam edən çatışmazlığın aradan qaldırılması üçün kifayət etməyəcək, qlobal ehtiyatlar isə azalmaqda davam edəcək.
Nəticədə qiymətlər ziqzaqvari şəkildə yüksələcək: Vaşinqtonla Tehran arasında eskalasiya və deeskalasiyanın təkrarlanan dövrləri ehtiyatların tədricən azalması və qiymətlərin daha da yüksəlməsini məhdudlaşdıran fundamental amillərin sayının azalması fonunda baş verəcək", - deyə "Fitch Solutions" bildirir.
"Fitch Solutions" hazırda "Brent" markalı neftin orta qiymətinin 2026-cı ilin dördüncü rübündə bir barel üçün 107 dollar, 2027-ci ilin birinci rübündə isə 112 dollar olacağını proqnozlaşdırır. Bu göstəricilər 2026-cı ilin üçüncü rübündə 91 dollar və ilin əvvəlindən etibarən orta hesabla 89 dollar təşkil edib.
Proqnoza görə, xam neftə tələbatın artması və təklif tərəfdən davam edən məhdudiyyətlər fiziki bazarda mövcud ehtiyatları azaldacaq, bununla da "Brent" markalı nefti yeni geosiyasi gərginliklərə və hasilatda planlaşdırılmamış fasilələrə qarşı daha həssas edəcək.
"Sentaybrın böyük hissəsində ən yaxın müddətli "Brent" fyuçers müqaviləsi bir barel üçün 100-110 dollar diapazonunda ticarət olunub. Qiymət 15 sentyabrda sessiyanın bağlanışı zamanı 108,8 dollarla maksimum həddə çatıb, daha sonra sentyabrın 30-da 104 dollara qədər geriləyib.
Dekabr müqaviləsinin ən yaxın müddətli müqavilə kimi önə çıxması, eləcə də bazar üçün mənfi olan bir sıra xəbərlər "Brent" markalı neftin qiymətinin oktyabrın 1-də gün ərzində 100 dollardan aşağı düşməsinə səbəb olub. Günün sonuna qiymət yenidən 102 dollardan yuxarı qalxıb", - deyə Fitch Solutions bildirir.
