Prezident İlham Əliyev YAP-ın Qurultayında çıxışı zamanı mühüm mesajlar verdi - Azər Qarayev

Siyasət Xəbər 3 Oktyabr 2026 13:55 (UTC +04:00)
Prezident İlham Əliyev YAP-ın Qurultayında çıxışı zamanı mühüm mesajlar verdi - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı təkcə partiyanın fəaliyyətinə qiymət verilən və qarşıdakı dövr üçün vəzifələrin müəyyənləşdirildiyi toplantı olmadı. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayda Prezident, YAP sədri İlham Əliyevin çıxışı Azərbaycanın artıq tamamilə fərqli siyasi və geosiyasi mərhələyə daxil olduğunu göstərən mühüm mesajlarla yadda qaldı.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Çıxışın diqqətçəkən tərəfi də məhz bundan ibarət idi. Prezident İlham Əliyev bir tərəfdən son 30 ildən artıq dövrdə görülən işlərə və Qarabağ Zəfərinə nəzər saldı, digər tərəfdən isə artıq qarşıda duran məsələləri daha geniş çərçivədə təqdim etdi. Təhlükəsizlik, hərbi güc, ideoloji mübarizə, xarici siyasət, iqtisadiyyat, enerji, tranzit və Qarabağın bərpası eyni strategiyanın ayrı-ayrı istiqamətləri kimi ortaya qoyuldu. Prezident İlham Əliyevin çıxışında ən çox diqqət çəkən məqamlardan biri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə baxmayaraq, hərbi gücün artırılmasının qarşıdakı dövrün əsas prioritetlərindən biri olaraq qalması idi. Prezident İlham Əliyev bunu kifayət qədər açıq ifadə etdi: "İlk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır". Bu fikrin əhəmiyyəti ondadır ki, Azərbaycan artıq əvvəlki kimi həll olunmamış münaqişə şəraitində deyil. Ermənistanla sülh prosesində mühüm mərhələ keçilib, sərhəddə vəziyyət sabitdir, iki ölkə arasında təmaslar və hətta ticarət əlaqələri başlayıb. Buna baxmayaraq, Prezident İlham Əliyev hərbi güc məsələsini gündəmdən çıxarmır", - o bildirib.

Onun sözlərinə görə, burada söhbət yalnız mümkün müharibəyə hazırlıqdan getmir. Dünyada baş verən proseslər fonunda dövlətin öz təhlükəsizliyini təmin edə biləcək imkanlara malik olması ayrıca strateji üstünlükdür. Prezident İlham Əliyev də çıxışında Azərbaycanın ətrafında müxtəlif istiqamətlərdə davam edən münaqişələrə diqqət çəkərək bu reallığın nəzərə alınmasının vacibliyini vurğuladı.

"Bu yanaşmanın maliyyə ifadəsi də var. Gələn ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik məsələlərinə təqribən 9 milyard manat ayrılması nəzərdə tutulur. Yəni Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi mesaj sadəcə siyasi bəyanat deyil, dövlət siyasətinin konkret istiqamətlərindən biridir. Çıxışın digər mühüm hissəsi Azərbaycanın xarici siyasəti ilə bağlı idi. Burada əsas fikir Azərbaycanın hər hansı geosiyasi düşərgəyə bağlanmadan müxtəlif güc mərkəzləri ilə münasibətlər qurması və öz maraqlarını qorumasıdır. Prezident İlham Əliyev Azərbaycanın Çin və ABŞ-la strateji tərəfdaşlıq münasibətləri qurmasını, Avropa İttifaqına üzv olan ölkələrin 10-u ilə strateji tərəfdaşlıq formatının mövcudluğunu və Mərkəzi Asiya ilə əlaqələrin yeni səviyyəyə yüksəldiyini qeyd etdi. Bu siyasətin mahiyyətini isə Prezident İlham Əliyev belə ifadə etdi: "Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu bizə lazım deyil". Bu cümlə əslində Azərbaycanın son illərdə formalaşdırdığı xarici siyasət xəttinin əsas xüsusiyyətlərindən birini göstərir. Bakı müxtəlif tərəflərlə əməkdaşlıq edir, lakin bu əməkdaşlığı hansısa blokun daxilində olmaq şərti ilə qurmur. Bunun nəticəsində Azərbaycan özünü təkcə Cənubi Qafqaz ölkəsi kimi deyil, müxtəlif regional və qlobal proseslərdə əlaqələndirici tərəf kimi təqdim edir. Prezident İlham Əliyevin çıxışında son dövrdə Azərbaycanın bir-birinə rəqib və ya düşmən olan ölkələrin nümayəndələrinin görüşləri üçün platformaya çevrilməsinə xüsusi diqqət yetirməsi də təsadüfi deyil. Bu, Azərbaycanın diplomatik imkanlarının yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmadığını göstərən mühüm məqamdır", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, qurultayda diqqət çəkən ən maraqlı mövzulardan biri isə ideoloji təhlükəsizliklə bağlı fikirlər idi.

"Prezident İlham Əliyev müasir dünyada dövlətin təhlükəsizliyinin yalnız sərhədlərin və hərbi imkanların qorunması ilə təmin edilmədiyini bildirdi. Onun sözlərinə görə: "İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir". Bu yanaşma xüsusilə informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə diqqət çəkir. Prezident İlham Əliyev internet, kiberhücumlar və süni intellekt dövründə ideoloji təsirlərin sərhəd tanımadığını vurğuladı. Burada məsələ təkcə informasiya resurslarının sayının artmasından ibarət deyil. Söhbət cəmiyyətin müxtəlif informasiya axınları qarşısında dayanıqlığından gedir. Prezident İlham Əliyev bunun üçün təhsili və vətənpərvərliyi əsas amillərdən biri kimi göstərdi. Eyni zamanda, YAP qarşısında da yeni vəzifə qoyuldu. Prezident İlham Əliyev partiyanın ideoloji fəaliyyətində köhnə və formal yanaşmalardan uzaqlaşmağın vacibliyini bildirdi: "Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır". Bu fikir qurultayın partiyanın gələcək fəaliyyəti ilə bağlı ən konkret mesajlarından biridir. Yəni söhbət yalnız təşkilati fəaliyyətin davam etdirilməsindən deyil, dəyişən informasiya mühitinə uyğun yeni iş üsullarının formalaşdırılmasından gedir", - o bildirib.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin qurultayda çıxışı zamanı iqtisadi məsələlər də xüsusi yer tutdu. Burada artıq əsas diqqət Azərbaycanın əldə etdiyi siyasi və təhlükəsizlik imkanlarının iqtisadi üstünlüklərə çevrilməsinə yönəldi.

"Valyuta ehtiyatlarının 90 milyard dollara çatması, xarici borcun ÜDM-ə nisbətinin 5,6 faiz olması, son iki Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanan kontraktların ümumi həcminin 20 milyard dolları keçməsi ölkənin maliyyə imkanlarının əsas göstəriciləri kimi təqdim edildi. Amma iqtisadi siyasətin nəticəsi yalnız makroiqtisadi göstəricilərlə ölçülmür. Qurultayda Prezident İlham Əliyevin əhalinin gəlirlərinin və sosial ödənişlərin artırılmasının da davam etdiriləcəyini açıqladı: "Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". Bu açıqlama çıxışın iqtisadi hissəsində mühüm yer tutur. Çünki dövlətin maliyyə imkanlarının artırılması paralel olaraq əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilir. Prezident İlham Əliyev də çıxışında bu siyasətin müntəzəm xarakter daşıdığını və məqsədin Azərbaycan xalqının rifahının ildən-ilə yaxşılaşdırılması olduğunu bildirdi", - politoloq qeyd edib.

A.Qarayev bildirib ki, son illərdə əməkhaqqı, pensiya və sosial ödənişlər üzrə artımların ardıcıl şəkildə həyata keçirilməsi bu siyasətin əsas istiqamətlərindən birinə çevrilib. Yeni artımların elan edilməsi isə sosial siyasətin növbəti mərhələdə də davam etdiriləcəyini göstərir. Burada əsas məsələ ondan ibarətdir ki, iqtisadi sabitlik və artan maliyyə imkanları əhalinin gündəlik həyatına birbaşa təsir edən mexanizmlərlə tamamlanır.

"Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın qarşısında daha böyük iqtisadi hədəflərin dayandığını da açıqladı. Bu baxımdan nəqliyyat və logistika ayrıca əhəmiyyət daşıyır. "Mən qarşıya hədəf qoymuşam ki, Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq". Bu hədəf Azərbaycanın gələcək iqtisadi modelində nəqliyyat və logistikanın rolunun daha da artacağını göstərir. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə kimi deyil, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının mühüm hissəsi kimi mövqeyini gücləndirməyə çalışır. Tranzitin artması isə yalnız dövlət gəlirlərinin yüksəlməsi deyil, yeni logistika imkanları, investisiyalar və minlərlə iş yeri deməkdir. Qarabağ və Şərqi Zəngəzurun bərpası da bu ümumi strategiyanın mühüm hissəsi olaraq qalır. Hazırda həmin ərazilərdə 96 min insanın yaşadığını, işlədiyini və təhsil aldığını bildirən Prezident İlham Əliyev indiyədək bölgələrin inkişafına 28 milyard manat vəsait ayrıldığını qeyd etdi. Beləliklə, iqtisadi hissədə səslənən mesajlar bir-birini tamamlayır: maliyyə sabitliyi qorunur, investisiya cəlbi genişləndirilir, yeni tranzit imkanları yaradılır və əldə olunan iqtisadi imkanların sosial siyasət vasitəsilə əhalinin rifahına yönəldilməsi nəzərdə tutulur. Bu baxımdan Prezident İlham Əliyevin maaş, pensiya və sosial müavinətlərin artırılması ilə bağlı açıqlaması qurultayda səslənən iqtisadi mesajların sosial tərəfini tamamlayan mühüm məqam oldu", - deyə A.Qarayev əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti