Bakı. Trend:
Flydubai təyyarəsində komandirə bıçaqla hücum edən omanlı ikinci pilot radikallaşmasından şübhələnən ölkəsinin hakimiyyət orqanları tərəfindən uçuşlara buraxılmayıb.
Bu barədə “Al-Arabiya”, CNN və ABC telekanalları, eləcə də The Wall Street Journal qəzeti məlumat verib.
Məlumata görə, atası Oman, anası isə suriyalı olan ikinci pilot təhlükəsizlik səbəbilə Oman hakimiyyəti tərəfindən təyyarə idarə etməkdən məhrum edilib. Oman hakimiyyəti onun Suriyada olduğu müddətdə radikal islamçı qrupların təsiri altına düşdüyünü hesab edib.
Hammam Əl-Hammami adlı bu şəxs “Oman Air”dəki işindən ayrıldıqdan sonra “Flydubai”yə qoşulub. O, bundan əvvəl “Emirates” aviaşirkətində işləmək üçün müraciət etsə də, müraciəti nəticəsiz olub.
Xatırladaq ki, sentyabrın 30-da Dubaydan İsrailin Tel-Əviv şəhərinə uçan təyyarənin göyərtəsində ikinci pilot uçuş zamanı Hindistandan olan kapitana bıçaqla hücum edib. Buna baxmayaraq, kapitan kokpitin qapısını açmağa nail olub və bu, sərnişinlərlə ekipaj üzvlərinə hücumçunu zərərsizləşdirməyə imkan verib. Münaqişə zamanı kəskin şəkildə hündürlük itirən təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edə bilib.
Hücumun dəqiq şəraiti və hələ də aydın olmayan motivləri Birləşmiş Ərəb Əmirliklərində araşdırılır. Hər iki pilot həmin ölkəyə aparılıb.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, hücumçu “islamçı radikallaşmaya məruz qalıb” və “təyyarəni qəzaya uğratmaq niyyətində olub”.
