Xəzərin dayazlaşması Orta Dəhliz üçün ciddi çağırışdır - CAMCA üzvü

İqtisadiyyat Xəbər 2 Oktyabr 2026 15:00 (UTC +04:00)
Xəzərin dayazlaşması Orta Dəhliz üçün ciddi çağırışdır - CAMCA üzvü
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizində su səviyyəsinin azalması və dayazlaşma prosesi Orta Dəhlizin gələcək fəaliyyətinin dayanıqlılığı və daşımaların maya dəyəri baxımından Azərbaycan və region ölkələri üçün ciddi çağırış yarada bilər.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu TALAP Tətbiqi Araşdırmalar Mərkəzinin direktoru, CAMCA Şəbəkəsinin Qazaxıstan üzrə üzvü Rəhim Oşakbayev cümə günü CAMCA Regional Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan və Qazaxıstan arasında Orta Dəhlizin inkişafı ilə bağlı əməkdaşlıq çərçivəsində Xəzər dənizinin vəziyyəti xüsusi diqqət tələb edən məsələlərdən biridir.

“Hazırda Azərbaycanla müzakirə etdiyimiz əsas məsələlərdən biri Xəzər dənizi ilə bağlı çağırışdır. Son 20 il ərzində, 2001-ci ildən etibarən Xəzər dənizinin şimal hissəsində sahil xətti 56 kilometrə qədər geri çəkilib. Son beş ildə isə suyun dayazlaşması prosesi sürətlənərək ildə təxminən 30 santimetrə çatıb”, – deyə R.Oşakbayev bildirib.

Onun sözlərinə görə, Xəzərdə su səviyyəsinin azalmasının davam etməsi Orta Dəhlizin fəaliyyətinə birbaşa təsir göstərə biləcək amillərdən birinə çevrilə bilər.

“Əgər bu proses davam edərsə, Orta Dəhlizin dayanıqlılığı və onun fəaliyyət xərcləri region ölkələri üçün böyük çağırış ola bilər. Buna görə də Xəzər dənizinin vəziyyəti Orta Dəhlizin uzunmüddətli inkişafı baxımından nəzərə alınmalı olan mühüm amildir”, – deyə o qeyd edib.

R.Oşakbayev Orta Dəhlizin son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini də vurğulayıb.

“Orta Dəhliz üçün əlverişli dövrdür. Son iki il ərzində bu marşrut üzrə yükdaşımaların həcmi 2,3 dəfədən çox artıb. Bu, böyük uğurdur. Qazaxıstanın yükdaşıma və logistika sektorunda da çox sürətli artım müşahidə olunur”, – deyə o bildirib.

Bununla belə, ekspert Orta Dəhlizin qlobal yükdaşımalar sistemində hələ də daha böyük potensiala malik olduğunu qeyd edib.
Onun sözlərinə görə, Çin və Avropa arasında quru yolu ilə həyata keçirilən yükdaşımaların təxminən 88 faizi hələ də Rusiya, Belarus və Polşadan keçən marşrut üzrə həyata keçirilir.

“Qazaxıstan üçün Orta Dəhliz nəqliyyat marşrutlarının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu marşrutun uzunmüddətli dayanıqlılığının təmin edilməsi vacibdir”, – deyə R.Oşakbayev əlavə edib.

O, ümumilikdə CAMCA regionində iqtisadi artımın son illərdə yüksək olduğunu, lakin bu artımın müəyyən hissəsinin qlobal və regional böhranların yaratdığı yeni imkanlarla bağlı olduğunu bildirib.

“Regionda iqtisadi artımın orta tempi dünya iqtisadiyyatının orta artım tempindən iki dəfədən çoxdur. Qırğızıstan və Ermənistan kimi ölkələrdə 12 faizdən yüksək artım qeydə alınıb. Qazaxıstanda isə orta artım 6 faizdən çoxdur. Bununla yanaşı, yüksək neft qiymətləri də iqtisadi göstəricilərə təsir edib”, – deyə o vurğulayıb.

R.Oşakbayev qeyd edib ki, region ölkələri üçün əsas məsələlərdən biri yaranmış imkanlardan uzunmüddətli və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə istifadə etməkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti