Azərbaycan və Yunanıstan turizm üzrə Birgə Fəaliyyət Planı imzalayıb (FOTO)

Energetika Xəbər 1 Oktyabr 2026 14:35 (UTC +04:00)
Azərbaycan və Yunanıstan turizm üzrə Birgə Fəaliyyət Planı imzalayıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Yunanıstan turizm üzrə 2026-2028-ci illər üçün Birgə Fəaliyyət Planı imzalayıb.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Afinada Yunanıstanın xarici işlər nazirinin müavini Theoharis Theoharis ilə həmsədrlik etdiyimiz Hökumətlərarası Komissiyanın VI iclasını keçirdik. İkitərəfli tərəfdaşlığın bütün istiqamətlər üzrə genişləndirilməsi, yeni layihə və təşəbbüslərin reallaşdırılması imkanlarını nəzərdən keçirdik. Turizm sahəsində 2026-2028-ci illər üzrə Birgə Fəaliyyət Planının imzalanması, əldə olunan razılaşmalar iqtisadi tərəfdaşlığımızın möhkəmlənməsinə xidmət edəcək", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Afinada Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın VI iclası çərçivəsində biznes forumu keçirilib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Yunanıstanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (Enterprise Greece) təşkilatçılığı ilə forumda hər iki ölkədən olan şirkətlər iştirak edib.

Forumda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, qlobal iqtisadi münasibətlərin və təchizat zəncirlərinin yenidən formalaşdığı, şaxələndirilmiş enerji və nəqliyyat bağlantılarının əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə Cənubi Qafqazda yaranmış yeni reallıqlar regional əməkdaşlıq, ticarət və investisiyalar üçün geniş imkanlar açır. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat bağlantılarının, logistika və rəqəmsal infrastrukturun inkişafı istiqamətində həyata keçirilən siyasətin ölkənin investisiya cəlbediciliyini gücləndirdiyi qeyd olunub. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 70 faizi ötdüyü, son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya yatırıldığı diqqətə çatdırılıb.

Azərbaycanın yalnız kapital cəlbində deyil, yeni texnologiya, bilik və təcrübə gətirən, istehsal və ixrac imkanlarını genişləndirən uzunmüddətli investisiya tərəfdaşlıqlarında maraqlı olduğu vurğulanıb. Yunanıstan biznesi üçün enerji, nəqliyyat və logistika, rəqəmsal iqtisadiyyat, sənaye və istehsal, kənd təsərrüfatı, qida emalı və turizm perspektivli əməkdaşlıq istiqamətləri kimi təqdim edilib. Cənub Qaz Dəhlizi ilə formalaşmış enerji tərəfdaşlığının yaşıl enerji və yeni enerji bağlantıları ilə genişləndirilməsi imkanları diqqətə çatdırılıb.

Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin artan əhəmiyyəti vurğulanaraq Azərbaycanın strateji mövqeyi ilə Yunanıstanın liman və dənizçilik imkanlarının uzlaşdırılmasının Şərq-Qərb bağlantılarının Aralıq dənizi və Avropa bazarlarına çıxışını genişləndirə biləcəyi bildirilib.

Yunanıstan biznes dairələri Azərbaycanın investisiya imkanlarından fəal yararlanmağa, yeni layihələrin həyata keçirilməsinə və uzunmüddətli tərəfdaşlığa dəvət edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti