Bakı. Trend:
Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi Gürcüstanın iştirakı olmadan mümkün deyil.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev cümə axşamı Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.
O bildirib ki, Cənubi Qafqazda sülh prosesinin əsas istiqamətləri sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələrinin qurulması və vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişaf etdirilməsidir.
"Burada dörd əsas istiqamət var. Birincisi sülh müqaviləsidir, ikincisi delimitasiya, üçüncüsü nəqliyyat əlaqələri, dördüncüsü isə vətəndaş cəmiyyətləri arasında əlaqələrdir", - deyə Fərid Şəfiyev bildirib.
Onun sözlərinə görə, son dövrdə, o cümlədən mədəni irslə bağlı müəyyən problemlər yaşansa da, ümumi müsbət dinamika qorunur.
"Bəli, son vaxtlar, o cümlədən bəzi mədəni irs məsələləri ilə bağlı müəyyən problemlərimiz olub. Lakin hesab edirəm ki, ümumilikdə müsbət dinamika davam edir", - deyə o qeyd edib.
Fərid Şəfiyev Cənubi Qafqazda davamlı sülhün təmin olunmasında Gürcüstanın rolunu xüsusi vurğulayıb.
"Vurğulamaq istərdim ki, Gürcüstan olmadan Cənubi Qafqazda davamlı sülh qura bilmərik. Hazırda Gürcüstanla Avropa İttifaqı arasında müəyyən gərginlik mövcuddur. Lakin Cənubi Qafqaz üçün üç ölkənin həm siyasi, həm də iqtisadi əməkdaşlıq üçün müəyyən platforma formalaşdırması vacibdir", - deyə BMTMM İdarə Heyətinin sədri bildirib.
O, regionda nəqliyyat dəhlizlərinin inkişafını da əsas istiqamətlərdən biri kimi qeyd edib.
"Üçüncü istiqamət dəhlizlərdir və burada Orta Dəhliz dəfələrlə qeyd olunub. Əvvəllər Orta Dəhlizdən danışarkən əsasən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan xətti nəzərdə tutulurdu", - deyə Fərid Şəfiyev bildirib.
Onun sözlərinə görə, hazırda Orta Dəhlizə iki mühüm istiqamət əlavə olunub.
"İndi isə iki mühüm əlavə istiqamətimiz var. Bunlardan biri TRIPP, digəri isə Çin–Qırğızıstan–Özbəkistan marşrutudur. Ümid edirik ki, bu marşrutun genişləndirilməsi də Xəzər dənizi üzərindən həyata keçiriləcək. Çünki İrandakı müharibə və vəziyyət dəyişməz olaraq qalır", - deyə o vurğulayıb.
Fərid Şəfiyev enerji məsələlərinin də regional əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu qeyd edib.
"Enerji də digər mühüm istiqamətdir. Burada söhbət yalnız ənənəvi neft və qazdan getmir, alternativ enerji mənbələrini də nəzərdə tuturam", - deyə o bildirib.
BMTMM İdarə Heyətinin sədri regionun inteqrasiyasının da mühüm əhəmiyyət daşıdığını qeyd edib.
"Beşinci istiqamət inteqrasiyadır. Burada da iki mühüm platforma var: C6 və Türk Dövlətləri Təşkilatı", - deyə Fərid Şəfiyev əlavə edib.
