Bakı. Trend:
Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstanı əhatə edən region üçün iqtisadi baxımdan dəyişən qlobal mühit həm çağırışlar, həm də yeni imkanlar yaradır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov cümə axşamı Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.
Nazir bildirib ki, 2014-cü ildə keçirilən ilk görüşdən etibarən CAMCA Regional Forumu nadir bir təşəbbüs ortaya qoyub.
"Forum bir qeyri-partiyalı platformada Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan regionlarından hökumət nümayəndələrini, akademik dairələrin, biznesin və gənc liderləri bir araya gətirib. Hesab edirəm ki, builki "Yol ayrıcında region" mövzusu düzgün və vaxtında seçilib", - deyə Mikayıl Cabbarov qeyd edib.
O bildirib ki, forumun 2018-ci ildə Bakıda keçirilməsindən ötən səkkiz il ərzində bir sıra dəyişikliklər baş verib. Onun sözlərinə görə, bunlardan biri Cənubi Qafqazda sülh prosesidir.
"Cənubi Qafqazda sülh prosesini xüsusi qeyd edərdim. Bu proses Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliklərini bərpa etməsindən sonra ilk dəfə regionu müharibələrdən, ərazi münaqişələrindən və iddialardan azad vəziyyətə gətirib", - deyə nazir bildirib.
Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə siyasi səviyyədə əlaqələri də inkişaf edir.
"Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya və Azərbaycan arasında dövlət başçıları səviyyəsində keçirilən Məşvərət görüşləri formatına siyasi səviyyədə qoşulmasını qeyd etmək istərdim. Bu gündən bir həftədən az müddət sonra dövlət başçıları səviyyəsində görüş keçiriləcək. Bu mənada Xəzər dənizinin qərb sahili də bu prosesdə təmsil olunur", - deyə o vurğulayıb.
Nazir daha sonra qlobal iqtisadiyyatda baş verən proseslərə diqqət çəkib.
"Qlobal iqtisadiyyat müxtəlif istiqamətlərdə təsirlərin olduğu bir şəraitdə inkişaf edir. Bir tərəfdən qlobal iqtisadi artımın zəiflədiyini, əvvəlki bir neçə ilin orta göstəricisindən aşağı düşdüyünü görürük. Digər tərəfdən, rəqəmsallaşma, xüsusilə süni intellektin tətbiqi və bununla bağlı təsirlər yeni tələbat və iqtisadi imkanlar yaradır", - deyə Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə davam edən böhran da qlobal iqtisadi proseslərə və enerji bazarlarına təsir göstərən amillərdən biridir.
"Yaxın Şərqdə davam edən böhran enerji bazarlarını pozur və qlobal miqyasda ciddi təsirlər yaradır", - deyə nazir qeyd edib.
Mikayıl Cabbarov bildirib ki, investorların davranışında da dəyişiklik müşahidə olunur.
"UNCTAD-ın məlumatlarına görə, investorlar kapital tutumlu sektorlarda daha az sayda, lakin daha iri layihələrə diqqət yetirirlər. Bu o deməkdir ki, bir tərəfdən kapital daha seçici xarakter alıb, digər tərəfdən isə layihələrin miqyası getdikcə daha çox əhəmiyyət kəsb edir", - deyə o bildirib.
Nazirin sözlərinə görə, region ölkələrinin əksəriyyətinin orta və ya kiçik iqtisadiyyata malik olması bu baxımdan həm xəbərdarlıq, həm də imkan yaradır.
"Bizim region kimi iqtisadiyyatlarının əksəriyyəti orta və ya kiçik ölçülü olan məkan üçün bu, həm xəbərdarlıqdır, həm də imkandır. Çünki birlikdə fərqli bir təklif irəli sürə bilərik: əlaqəli bazarlar, daha böyük bazarlar və, yəqin ki, ən vacibi, insan kapitalı və istedad. Hesab edirəm ki, bütün bunlar CAMCA üçün də keçərlidir", - deyə Mikayıl Cabbarov əlavə edib.
