Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Cəmiyyət Xəbər 30 Sentyabr 2026 11:40 (UTC +04:00)
Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda məhkəmə ekspertizası tədqiqatlarının aparılması zamanı istifadə olunan metodlar barədə məlumatların sistemləşdirilməsi və əldə olunmasının təmin edilməsi məqsədilə Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib.

Bu barədə Ədliyyə Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Dövlət Reyestri məhkəmə ekspertizası tədqiqatları zamanı tətbiq edilən metodlar barədə məlumatların toplanmasını, uçotunun aparılmasını, sistemləşdirilməsini, aktuallığının təmin edilməsini və istifadəyə açıq məlumatların ictimaiyyətə təqdim edilməsini təmin edən elektron informasiya resursudur.

Dövlət Reyestri Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılır, aparılır və idarə olunur. Reyestrin aparılması Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları” ilə tənzimlənir.

Hazırda Reyestr fəaliyyət göstərir və Ədliyyə Nazirliyinin, eləcə də Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin rəsmi internet səhifələrində yerləşdirilib.

Reyestrin məlumat bazası Ədliyyə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin müvafiq ekspertiza idarələrində aparılan tədqiqatlara dair məlumatlar əsasında formalaşdırılır.

Reyestrdə tədqiqat metodunun adı, aid olduğu məhkəmə ekspertizası sahəsi, metodu təqdim edən məhkəmə ekspertizası idarəsinin və qurumun adı və hüquqi ünvanı, tədqiqat metodunun pasportu, metodun Dövlət Reyestrinə daxil edildiyi tarix və qeydiyyat nömrəsi barədə məlumatlar əks olunur.

Bu məlumatların vahid bazada toplanması məhkəmə ekspertlərinə ekspertiza zamanı Reyestrə daxil edilmiş tədqiqat metodlarından istifadə etməyə, məhkəmə ekspertizası tədqiqatlarının müəyyən edilmiş qaydalara və qanunvericiliyin tələblərinə uyğun aparılmasına imkan yaradır.

Dövlət Reyestrinin istifadəyə verilməsi məhkəmə ekspertizası tədqiqatları zamanı tətbiq olunan metodlar barədə məlumatların vahid bazada toplanmasına və həmin metodların sistemləşdirilmiş şəkildə tətbiqinin təmin edilməsinə xidmət edir.

Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti