Bakı.Trend
Dövlət ümumi təhsil müəssisələrinin şagird sayına əsaslanan maliyyələşmə mexanizminə keçidi məktəblərə ayrılan vəsaitlərin formalaşdırılmasında yeni yanaşmanın tətbiqini nəzərdə tutur. Yeni mexanizm çərçivəsində məktəblərin maliyyələşdirilməsində şagirdlərin sayı ilə yanaşı, onların təhsil səviyyəsinin də nəzərə alınması planlaşdırılır.
Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran təhsil eksperti Ramin Nurəliyev bildirib ki, yeni maliyyələşmə modeli məktəblərə ayrılan vəsaitin şagird kontingentinə uyğun formalaşdırılmasına şərait yaradacaq.
Onun sözlərinə görə, bu yanaşmada məktəbin ümumi maliyyələşmə məbləği şagird sayından asılı olaraq dəyişə bilsə də, şagird sayının az olduğu məktəblərdə adambaşına düşən maliyyələşmənin avtomatik olaraq azalması nəzərdə tutulmur.
"Bu qərarın mahiyyəti ondan ibarətdir ki, dövlət məktəblərinə ayrılan vəsait şagirdlərin sayına əsasən hesablanacaq və şagirdin oxuduğu təhsil səviyyəsinə uyğun əlavə əmsal tətbiq ediləcək. Yəni bütün şagirdlər üçün məktəbə ayrılan maliyyə eyni məbləğdə hesablanmaya bilər. İbtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə xərclər fərqli əmsallarla artırıla bilər.
Məsələn ibtidai sinif üçün əgər 1000 manat şagird başına xərc nəzərdə tutulursa, yuxarı siniflərdə bu məbləğ dəyişərək artırıla, yəni 1200 manat ola bilər. Bununla yanaşı hər hansı bir məktəbdə 600 şagird varsa və hər birinə düşən maliyyələşmə məbləği 1000 manat deyil, təhsil səviyyələrinə görə dəyişəcək.
Əgər müəyyən təhsil səviyyəsindəki şagirdlərə daha yüksək əmsal tətbiq edilərsə, həmin şagirdlərə uyğun hesablanan maliyyə də artar. Əsas məqsəd məktəblərin maliyyələşməsini şagird sayına və təhsil səviyyəsinə uyğunlaşdırmaqdır" - deyə o bildirib.
Ekspert əlavə edib ki, şagird sayı çox olan məktəb ümumi hesabla daha çox vəsait ala bilər. Lakin şagird sayı az olan məktəbin hər şagirdə düşən maliyyələşməsi mütləq daha az olmayacaq.
"Şagird sayı az olan məktəblərdə zəruri ehtiyaclara görə müəyyən məbləğdə vəsait nəzərdə tutula bilər. Bunun üçün maliyyə vəsaitinin məktəblərin şagird sayı, yerləşmə ərazisi və təhsil səviyyəsi üzrə hesablanması Nazirlər Kabinetinə həvalə edilir. Nazirlər Kabineti bir ay müddətində fərmandan irəli gələn tətbiq etmə qaydalarını həll edərək Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Qərarın üstün cəhətlərindən biri də məktəb rəhbərlərinin şagird sayının azalmaması istiqamətində səy göstərməsi olacaq. Məktəblərin şagird sayına əsasən maliyyələşdirilməsi rəqabəti formalaşdıracaq. Beynəlxalq təcrübədə bu qərarın dünyanın inkişaf etmiş ölkələrində də tətbiq olunduğunu müşahidə edirik", - deyə o qeyd edib.

Məsələ ilə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzalamış olduğu fərmanla 2026‒2027-ci tədris ilindən etibarən dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinə mərhələli keçid milli təhsilimizin idarəetmə fəlsəfəsində keyfiyyətcə yeni bir dövrün əsasını qoyur.
"Bu islahat ali təhsil müəssisələrində uğurla sınaqdan çıxmış modelin ümumtəhsil sisteminə transferidir və təhsil idarəetməsi baxımından praktikada çox ciddi struktur dəyişikliklərinə səbəb olacaq. Yeni sistemin tətbiqi praktikada ilk növbədə, məktəblərin idarəetmə sərbəstliyini və maliyyə muxtariyyətini artıracaq. Əgər indiyə qədər büdcə vəsaitləri məktəblərə şagird sayından asılı olmayaraq, ümumi və bəzən qeyri-mütənasib şəkildə bölüşdürülürdüsə, yeni mexanizmdə maliyyə birbaşa şagird sayına proporsional olaraq təhsil müəssisəsinə yönələcək. Bu isə məktəb rəhbərliyinə daxil olan vəsaiti reallığa və birbaşa ehtiyaclara uyğun planlaşdırmağa imkan verəcək. Ən əsası, məktəblər arasında şagird uğrunda sağlam rəqabət mühiti formalaşacaq. Çünki hər bir təhsil müəssisəsi daha çox şagird (dolayısı ilə daha çox maliyyə) cəlb etmək üçün öz təhsil keyfiyyətini, dərslərin səviyyəsini və infrastrukturunu yaxşılaşdırmağa məcbur olacaq", - deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, ictimaiyyəti ən çox düşündürən suallardan biri şagird sayının az olduğu rayon və kənd məktəblərinin bu sistemdə necə tənzimlənəcəyidir.
"Çünki mexaniki yanaşma bu tip azsaylı məktəblərin büdcəsinin kəskin azalmasına gətirib çıxara bilərdi. Lakin fərmanda bu risklər tamamilə sığortalanıb. Belə ki, yeni modeldə artım əmsalı mexanizmi nəzərdə tutulub. Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək qaydalara əsasən, məktəblərin yerləşdiyi coğrafi ərazi (məsələn, ucqar dağ kəndləri), məktəbin növü və təhsil səviyyələri nəzərə alınaraq hər bir şagirdə düşən illik xərc fərqli əmsallarla hesablanacaq. Bu o deməkdir ki, şagird sayı az olan məktəblərdə bir şagird üçün ayrılan xərc əmsalı şəhər məktəbləri ilə müqayisədə xeyli yüksək tətbiq edilə bilər və bununla da həmin təhsil ocaqlarının zəruri xərcləri dövlət tərəfindən tam qarşılanacaq.
Hesab edirəm ki, adambaşına maliyyələşmə dövlət vəsaitlərinin şəffaf və məqsədyönlü şəkildə birbaşa hədəfə – yəni şagirdə yönəlməsini təmin edir. Bu sistem məktəbləri passiv büdcə istehlakçısından aktiv təhsil idarəçisi subyektinə çevirəcək, resursların səmərəli optimallaşdırılmasına yol açacaq və bütövlükdə təhsil ekosistemində keyfiyyətin yüksəlməsinə təkan verəcək", - deyə o əlavə edib.

