Riskləri düzgün müəyyənləşdirmək və könüllü vergi ödənişlərini təşviq etmək əsas hədəfdir - Orxan Nəzərli (FOTO)

İqtisadiyyat Xəbər 29 Sentyabr 2026 17:50 (UTC +04:00)
Riskləri düzgün müəyyənləşdirmək və könüllü vergi ödənişlərini təşviq etmək əsas hədəfdir - Orxan Nəzərli (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Vergi inzibatçılığında əsas hədəf nəzarəti artırmaq deyil, riskləri düzgün müəyyənləşdirmək, şəffaf fəaliyyət göstərən vergi ödəyicilərinə əlavə inzibati yük yaratmamaq və rəqəmsal həllər vasitəsilə könüllü vergi ödənişlərini təşviq etməkdir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli DVX ilə “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi” (TÜİB) arasında Açıq Dialoq Platforması çərçivəsində B2G formatında keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, başlıca məqsəd vergi öhdəliklərinin könüllü şəkildə yerinə yetirildiyi, dövlətlə biznes arasında qarşılıqlı etimadın möhkəmləndiyi, sahibkarın vergi sistemini fəaliyyətinə maneə deyil, şəffaf və proqnozlaşdırılan iqtisadi mühitin bir hissəsi kimi qəbul etdiyi sistemin formalaşdırılmasıdır.

Xidmət rəisi Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın son illər daha da möhkəmlənməsinin iqtisadi əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi üçün yaratdığı imkanları vurğulayıb. Orxan Nəzərli ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi, bizneslə dialoqun təşviqi barədə fikirlərini bölüşüb və DVX-nin sahibkarlarla iş prinsipləri barədə məlumat verib. Bildirib ki, DVX biznes ictimaiyyəti ilə açıq və davamlı dialoqa xüsusi önəm verir. Sahibkarların təklifləri yalnız müzakirə edilmir, məqsədəuyğun hesab olunan təşəbbüslər vergi inzibatçılığının və qanunvericiliyin təkmilləşdirilməsi zamanı nəzərə alınır, biznes ictimaiyyəti ilə mövcud dialoqun daha sistemli və institusional müstəviyə keçməsi diqqətdə saxlanılır.

Vergi siyasətinin əsas istiqamətlərinə toxunan Orxan Nəzərli iqtisadi artım və investisiyaların təşviqi, mikro və kiçik sahibkarlığın fəal dəstəklənməsi, ixracın stimullaşdırılması, rəqəmsal texnologiyalar və innovasiya sahələrində fəaliyyət göstərən biznes subyektləri üçün əlverişli vergi mühitinin yaradılmasının prioritet olduğunu bildirib. Eyni zamanda, sahibkarların inzibati və hesabatlılıq yükünün azaldılması, vergi prosedurlarının sadələşdirilməsi və vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparıldığı diqqətə çatdırıb.

Orxan Nəzərli rəqəmsal transformasiya və məlumat əsaslı vergi inzibatçılığının əhəmiyyəti vurğulayıb. Xidmət rəisi süni intellekt və analitik həllərin tətbiqinin genişləndirilməsi, risklərin daha erkən müəyyənləşdirilməsi, preventiv məlumatlandırma və elektron xidmətlərin inkişaf etdirilməsi nəticəsində vergi ödəyiciləri ilə münasibətlərin daha çevik və proaktiv modelə keçirilməsinin hədəfləndiyini bildirib.

Daha sonra TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat çıxış edib. Hüseyin Böyükfırat Azərbaycan və Türkiyə arasında biznes əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş nəticələr və perspektivlər barədə fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan və Türkiyə sahibkarları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, yeni biznes imkanlarının yaradılması və birgə təşəbbüslərin reallaşdırılması hər iki ölkənin iqtisadi inkişafına töhfə verir.

Hüseyin Böyükfırat TÜİB üzvlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərdiklərini, qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verdiklərini diqqətə çatdırıb. TÜİB rəhbəri vergi sisteminin ölkənin iqtisadi inkişafı və dövlət xidmətlərinin dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Dövlət və özəl sektor arasında dialoqun əhəmiyyətinə diqqət çəkən Hüseyin Böyükfırat bildirib ki, Açıq Dialoq Platforması biznes ictimaiyyətinin qarşılaşdığı məsələləri, eləcə də fikir və təkliflərini birbaşa dövlət qurumları ilə bölüşməyə imkan yaradan mühüm məsləhətləşmə müstəvisidir. TÜİB rəhbəri qarşılıqlı etimada, açıq kommunikasiyaya və konstruktiv əməkdaşlığa əsaslanan dialoqun davam etdirilməsinin biznes mühitinin inkişafına və iqtisadi artımın təşviqinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirin davamında sahibkarları maraqlandıran suallar cavablandırılıb, səsləndirilən təklif və müraciətlər dinlənilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti