Bakı. Trend:
Qlobal iqtisadiyyatda ticarət və investisiya axınları daha təhlükəsiz istiqamətlər axtarışındadır. Belə bir şəraitdə Azərbaycan öz sabitliyi və böyük iqtisadi imkanları ilə xarici kapitalın diqqətini çəkir. 25–26 sentyabr tarixlərində Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda dövlətimizin başçısı ölkəmizin iqtisadi strategiyasını və gələcək inkişaf prioritetlərini aydın şəkildə bəyan etdi.
Prezident İlham Əliyev Forum çərçivəsində keçirilən “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə bildirib ki, indiyədək görülən işlər, sabit iqtisadiyyat, müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı:
“Beləliklə, bizim bu müsbət dinamikanı daha da inkişaf etdirməyimizə ehtiyac var. Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq. Əlverişli investisiya mühiti sayəsində biz son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Bunun yarısı birbaşa xarici investisiyalardır”.
Məhz bu möhkəm təməl ölkəmizin xarici iş adamları və böyük şirkətlərlə əməkdaşlığında yeni bir mərhələnin başladığını göstərir. Tədbir çərçivəsində beynəlxalq investorlar və tərəfdaşlarla ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələrini əhatə edən 23 vacib sənədin imzalanması da bunun təzahürüdür.
Azərbaycanın xarici investorlar üçün bu dərəcədə cəlbedici olmasının təməlində ölkəmizdə hökm sürən siyasi və iqtisadi sabitlik dayanır. Ölkəmizin dövlət borcunun ÜDM-ə nisbətinin cəmi 20 faiz olması, xarici borcun isə ÜDM-in cəmi 5,6 faizini təşkil etməsi maliyyə sistemimizin nə qədər sağlam olduğunu göstərir. Valyuta ehtiyatlarımızın xarici borcumuzu təxminən 20 dəfə üstələməsi və manatın məzənnəsinin illərdir sabit qalması investorlar üçün proqnozlaşdırıla bilən ən əlverişli mühitdir. Bundan əlavə, aparılan uğurlu islahatlar nəticəsində ümumi daxili məhsulun 70 faizindən çoxu artıq qeyri-neft sektorunun payına düşür.
Forumun miqyası və təmsil olunan qonaqların heyəti də Azərbaycana olan beynəlxalq marağın nə qədər böyük olduğunu aydın şəkildə ortaya qoyur. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 70 ölkədən 800-dən çox xarici nümayəndə daxil olmaqla, ümumilikdə 3 minə yaxın iştirakçı qeydiyyatdan keçib. Forumda təmsil olunan investisiya qurumlarının idarə etdiyi aktivlərin həcmi 30 trilyon ABŞ dollarından çoxdur. Bununla yanaşı, tədbirə 2,8 trilyon dollar həcmində suveren fondların, dövlət qurumlarının və pensiya fondlarının kapitalını təmsil edən institutlar qatılmışdı. “BlackRock”, BNY, PGIM kimi nəhəng aktivləri idarə edən şirkətlərin, eləcə də ADIA, “Temasek”, “Türkiye Wealth Fund” kimi müxtəlif dövlət fondlarının Bakıdakı müzakirələrdə yer alması xarici investorların Azərbaycana yalnız maliyyə vəsaiti gətirmək deyil, həm də yeni texnologiyalar, müasir idarəetmə təcrübəsi və beynəlxalq bazarlara çıxış imkanları qazandırmaq niyyətində olduğunu göstərir.
Ölkəmizə yönələn investisiya gündəliyi ildən-ilə genişlənir və çoxşaxəli xarakter alır. Əlbəttə, neft və qaz sektoru yenə də iqtisadiyyatımızın mühüm hissəsi olaraq qalır və buradan əldə edilən gəlirlər hesabına iqtisadiyyatın digər sahələrinə yenidən investisiyalar yatırılır. Forum çərçivəsində “ExxonMobil” şirkəti ilə qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi, “Total” şirkəti ilə Abşeron yatağının ikinci mərhələsi üzrə imzalanan yeni sazişlər enerji sahəsindəki əməkdaşlıqların davam etdiyini təsdiqləyir. Lakin Azərbaycanın iqtisadi siyasətinin əsas prioritetlərindən biri uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün ölkəmizin xüsusən yaşıl enerji və nəqliyyat-logistika potensialından səmərəli istifadə etmək, rəqəmsal texnologiyaların inkişafına nail olmaqdır.
Bu gün Azərbaycan “yaşıl enerji” və rəqəmsallaşma sahəsində regionun liderinə çevrilir. Ölkəmiz xüsusilə bərpaolunan enerji sahəsində çox böyük potensiala malikdir. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq enerji potensialı var, eyni zamanda quruda günəş və külək elektrik stansiyaları fəal şəkildə tikilir və istifadəyə verilir. Buradakı əsas hədəf elektrik enerjisi istehsalında təbii qaz istehlakını minimuma endirmək, həmin qazı ixrac etmək və ölkəni ekoloji təmiz enerji ilə təmin etməkdir. İstehsal olunacaq əlavə elektrik enerjisi həm daxili tələbatı, xüsusilə süni intellekt və data mərkəzlərinin ehtiyaclarını ödəyəcək, həm də yeni ötürücü xətlərlə xarici bazarlara çıxarılacaq. Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli, eləcə də Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Azərbaycan və Avropa ilə birləşdirəcək sualtı elektrik xətti layihələri ölkəmizi Avrasiyanın enerji bazarlarının vacib təchizatçısına çevirir.
Tranzit və nəqliyyat-logistika infrastrukturu da xarici investorlar üçün ən cəlbedici istiqamətlərdən biridir. Azərbaycan uzun illər ərzində bu infrastruktura - dəmir yollarına, dəniz limanlarına, müasir magistral yollara və beynəlxalq hava limanlarına sərmayələr yatırıb. Qonşu ölkələrlə qurulan münasibətlər sayəsində ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi əsas regional qovşağa çevrilib. Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta dəhliz və formalaşmaqda olan Zəngəzur dəhlizi (TRIPP) regional ticarət və sənaye əməkdaşlığı üçün yeni imkanlar açır. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi sürətlə artaraq artıq ildə 16 milyon tona çatıb, 2030-cu ilədək isə bu göstəricinin 25 milyon tona çatdırılması hədəflənir. Dəhlizlər boyunca yaradılan logistika mərkəzləri, Ələt Azad İqtisadi Zonası və sənaye parkları xarici investorlara təkcə Azərbaycanın daxili bazarına deyil, Mərkəzi Asiyadan Türkiyə və Avropayadək uzanan böyük bir iqtisadi coğrafiyaya çıxış imkanı verir.
İnvestisiya mühitinin uğurunu təmin edən digər vacib amillər insan kapitalı, kadr hazırlığı, rəqəmsal infrastruktura inteqrasiya və tam təhlükəsizlikdir. Azərbaycanda savadlılıq səviyyəsinin yüksək olması, gənclərin xaricdə təhsil alması üzrə dövlət proqramlarının icrası və Kibertəhlükəsizlik Mərkəzi kimi qurumların fəaliyyəti müasir dövrün tələblərinə cavab verən ixtisaslı kadr potensialını formalaşdırır. Eyni zamanda, ölkəmizin beynəlxalq reytinqlərdə, o cümlədən “Global Attractiveness Index 2026” göstəricilərində yüksəlməsi, xüsusən Dinamiklik İndeksində 145-ci yerdən 15-ci pilləyə qalxması Azərbaycanın iqtisadi dəyişmə sürətini və maliyyə dayanıqlılığını nüfuzlu beynəlxalq ekspertlərin gözündə də obyektiv şəkildə sübut edir.
Bütün bu amillər bir daha göstərir ki, Azərbaycan xarici investorlar üçün həm təhlükəsiz, həm də böyük inkişaf vəd edən əməkdaşlıq məkanıdır. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bir daha təsdiqlədi ki, Azərbaycanın iqtisadi potensialı xarici investorlar üçün böyük maraq doğurur. Siyasi və iqtisadi sabitlik, əlverişli biznes mühiti, müasir infrastruktur və zəngin inkişaf potensialı Azərbaycanın gələcəkdə də regionun və Avrasiya məkanının investisiya mərkəzlərindən biri olaraq qalacağını əminliklə söyləməyə əsas verir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı