Kapital uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı (FOTO)

İqtisadiyyat Xəbər 28 Sentyabr 2026 13:49 (UTC +04:00)
Kapital uğrunda yarış əvəzinə yerli ekspertiza: Azərbaycanın investisiyalara yeni baxışı (FOTO)

Bakı. Trend:

Müasir investisiya siyasətində getdikcə əsas məsələ cəlb olunan vəsaitin həcmi deyil, onun ölkə üçün yaratdığı uzunmüddətli dəyərdir. Məhz bu mövzu Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Qeyri-maddi kapital birbaşa xarici investisiyaların hərəkətverici qüvvəsi kimi: yerli ekspertiza inkişaf etməkdə olan bazarların yeni valyutasıdır” adlı panel müzakirəsinin mərkəzində olub. tpe şirkətinin təşkil etdiyi müzakirədə SOCAR, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, PÖRNER, KPMG Azərbaycan və Caspian Business Hub-un nümayəndələri iştirak ediblər.

İştirakçılar bildiriblər ki, xarici investisiyalar artıq yalnız ayrı-ayrı layihələrin maliyyələşmə mənbəyi kimi qiymətləndirilməməlidir. Onların əsas missiyası yerli kompetensiyaların formalaşdırılması, sənaye kooperasiyasının gücləndirilməsi və yeni ixrac imkanlarının yaradılmasıdır. Buna görə də əsas göstərici cəlb olunan kapitalın həcmi deyil, onun texnologiya transferi, mühəndis bacarıqlarının inkişafı, yerli təchizat zəncirlərinin formalaşdırılması, beynəlxalq standartların tətbiqi və ölkənin yeni bazarlara çıxışını təmin etmək qabiliyyətidir.

AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva vurğulayıb ki, sənaye parkları, müasir infrastruktur, eləcə də vergi və gömrük güzəştləri beynəlxalq şirkətlərin Azərbaycan bazarına daxil olması üçün əlverişli şərait yaradır. Bununla yanaşı, əsas hədəf investisiyaların yalnız həcmini deyil, keyfiyyətini də artırmaq, onların uzunmüddətli və dayanıqlı iqtisadi dəyər yaratmaq potensialını gücləndirməkdir.

“Biz istəyirik ki, xarici şirkətlər Azərbaycanı yalnız istehsal müəssisəsi qurmaq üçün əlverişli məkan kimi deyil, eyni zamanda regiondakı fəaliyyətlərini idarə edə biləcəkləri strateji mərkəz kimi seçsinlər”, - deyə Sevil Yəhyayeva bildirib.

Sənaye obyektlərinin layihələndirilməsi və tikintisi sahəsində 30 illik təcrübəyə malik tpe şirkətinin icraçı direktoru Rüstəm İsmayılov vurğulayıb ki, güclü iqtisadiyyat hər yeni layihənin əvvəlkinin təcrübəsi üzərində qurulduğu mühitdə formalaşır. Onun sözlərinə görə, layihələr başa çatdıqdan sonra yalnız obyektlər deyil, həm də insanlar, metodlar, proseslər və peşəkar mədəniyyət qalmalıdır ki, növbəti vəzifələr daha sürətli və daha yüksık keyfiyyətlə yerinə yetirilsin.

“Vacib olan odur ki, yeni bilik fərdi deyil, sistem xarakteri daşısın. Hər bir layihədə bacarıqların bir neçə güclü mütəxəssisdə cəmlənməsi riski var. Lakin onlar şirkətdən ayrıldıqda sistem əvvəlki vəziyyətinə qayıdır. Əsl kompetensiya transferi təlimdən sonra deyil, komandanın düzgün qərarları müstəqil qəbul etməyə başladığı anda baş verir”, – deyə o bildirib.

Rüstəm İsmayılovun sözlərinə görə, rəqəmsal sistemlər, texnoloji həllər və beynəlxalq standartlar vacibdir, lakin əsas rolu təcrübə oynayır. Bu təcrübə əvvəlkini əvəz etməməli, onu tamamlayaraq toplanmış kompetensiyalara çevrilməlidir.

Bu gün Azərbaycan investisiya gündəliyini yenidən formalaşdırır: sadəcə birbaşa xarici investisiyaların cəlbindən regional inkişaf ekosisteminin qurulmasına – kapitalın, texnologiyaların və yerli ekspertizanın birləşdirilməsinə doğru keçid baş verir.

Caspian Business Hub-un rəhbəri Nərmin Cəfərova Xəzər regionunun əsas çatışmazlıqlarından birinin maraqlı tərəfləri qısa müddətdə işlək layihə ətrafında birləşdirmək bacarığının zəif olması olduğunu bildirib. Onun fikrincə, CBH-nin iqtisadi rolu məhz burada özünü göstərir – hər bir tərəfin məntiqini anlayan və konkret investisiya imkanları ətrafında düzgün iştirakçı konfiqurasiyasını formalaşdıran vahid koordinasiya mərkəzi kimi.

“Məqsədimiz koordinasiya xərclərini elə səviyyəyə endirməkdir ki, şirkətlər mürəkkəb transsərhəd layihələri təkbaşına deyil, birlikdə həyata keçirməyə daha çox maraq göstərsinlər. Bu halda Caspian Business Hub sadəcə biznes platforması deyil, Xəzər regionunun yeni investisiya infrastrukturunun ayrılmaz hissəsinə çevriləcək”, – deyə o qeyd edib.

Müzakirələr göstərdi ki, Azərbaycanın investisiya gündəliyi artıq “nə qədər kapital cəlb olunub?” sualından “bu kapital ölkə daxilində hansı uzunmüddətli dəyəri yaradır?” sualına doğru dəyişir. İnkişaf etməkdə olan bazarlar üçün bilikləri və beynəlxalq kapitalı dayanıqlı yerli kompetensiyalara çevirmək bacarığı sənaye inkişafının növbəti mərhələsinin əsas amillərindən birinə çevrilə bilər.

Xəbər lenti

Xəbər lenti