Bakı.Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları ölkə üzrə miqrasiya nəzarəti ilə bağlı xüsusi tədbirlər keçirib.
Bu barədə Gürcüstan DİN mətbuat xidməti məlumat yayıb.
Kompleks tədbirlər nəticəsində ölkədə qanunsuz qaldığı müəyyən edilmiş 50 əcnəbi, o cümlədən Nigeriya, Əfqanıstan, Azərbaycan, İran, Çin, Tailand, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misir vətəndaşları saxlanılıb.
Miqrasiya nəzarəti ilə bağlı xüsusi tədbirlər çərçivəsində Departamentin əməkdaşları Gürcüstanda qanuni əsas olmadan olan əcnəbi vətəndaşların müəyyənləşdirilməsi məqsədilə müxtəlif təyinatlı konkret məkan və obyektlərdə yoxlamalar aparıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanın Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunla müəyyən edilmiş tələbləri pozaraq ölkədə olublar.
"Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar həyata keçirilir”, – deyə DİN-in məlumatında bildirilir.
