Bakı. Trend:
Azərbaycanda banklar və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı avqust ayının sonunda 22 milyon 974 minə çatıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu göstərici iyul ayının sonu ilə müqayisədə 189 min ədəd və ya təxminən 0,8 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə dövriyyədə olan ödəniş kartlarının sayı 8,7 faiz çoxalıb.
Kartların strukturunda da dəyişiklik müşahidə olunub. Belə ki, debet kartlarının sayı illik müqayisədə 10,2 faiz artıb, kredit kartlarının sayı isə 4,3 faiz azalıb.
Nağdsız ödənişlərdə də artım davam edib. 2026-cı ilin avqust ayında ödəniş kartları vasitəsilə ölkədaxili nağdsız əməliyyatların həcmi 8 milyard 888 milyon manat təşkil edib.
Bu məbləğin 7 milyard 682 milyon manatı elektron ticarətin, 1 milyard 204 milyon manatı POS-terminalların, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatların payına düşüb.
İlin əvvəlindən ölkədaxili kart əməliyyatları çərçivəsində nağdsız ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz artıb. Nağdsız əməliyyatların payı ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.
Ödəniş infrastrukturu üzrə də artım qeydə alınıb. Ötən ilin avqust ayının sonu ilə müqayisədə Azərbaycanda bankomatların sayı 3,8 faiz artıb. Bununla yanaşı, POS-terminalların sayı 7 faiz azalıb.
Ödəniş kartlarının sayının artması fonunda bankların eyni məhsul üzrə müştərilərə təqdim etdiyi əlavə kartlarla bağlı yanaşma da gündəmdədir. Azərbaycan Banklar Assosiasiyasından (ABA) Trend-ə bildirilib ki, əməkhaqqı, pensiya və digər sosial ödənişlər üçün nəzərdə tutulan kartlar, sahibkarlıq hesabına bağlı kartlar və depozit hesablarına bağlı kartlar istisna olmaqla, hər bir bankda bir məhsul üzrə bir ödəniş kartının təqdim edilməsi nəzərdə tutulur.
ABA qeyd edib ki, müştərinin əlavə kartdan istifadə məqsədini əsaslandırdığı və əməliyyatların qanuni xarakter daşıdığı hallarda banklar əlavə ödəniş kartlarının verilməsini təmin edə bilərlər.
Assosiasiyanın bildirdiyinə görə, bu yanaşmanın məqsədi müştərilərin ödəniş imkanlarını məhdudlaşdırmaq deyil, risklərin daha effektiv idarə olunması və təhlükəsiz ödəniş ekosisteminin formalaşdırılmasıdır.
