Bakı. Trend:
ABŞ və İran arasında növbəti dolayı danışıqlar raundu sentyabrın 28-də keçiriləcək.
Bu barədə Axios portalı Yaxın Şərqdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, Qətərli vasitəçilər Vaşinqtonla Tehran arasında razılaşmaya nail olmağa çalışaraq “məkik diplomatiyası”nı davam etdirirlər. Onlar sentyabrın 28-də İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla ayrı-ayrılıqda görüşlər keçirəcəklər.
Portal qeyd edir ki, danışıqlar zamanı tərəflərin mövcud fikir ayrılıqlarını aradan qaldıra biləcəyi hələlik məlum deyil.
Öz növbəsində, Donald Tramp gələn həftə ABŞ ilə İran arasında növbəti danışıqların aparılacağını elan edib.
“Gözləyirəm ki, gələn həftə İranla növbəti danışıqlar keçiriləcək. Onlar razılaşma əldə etmək istəyirlər, lakin bu, mənim razılaşmağa hazır olduğum saziş deyil. Bu, bəlkə də, bir il əvvəl razılaşa biləcəyimiz bir şeydir. Onlar öz imkanlarını həddindən artıq qiymətləndiriblər”, – deyə dövlət başçısı qeyd edib.
