Bakı. Trend:
PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF) iştirak edib və “Beynəlxalq maliyyə əməkdaşlığı: artım naminə tərəfdaşlıqların qurulması” mövzusunda panel müzakirəsində çıxış edib.
Prezident İlham Əliyevin himayəsi altında 25–26 sentyabr tarixlərində Bakıda keçirilən forum beynəlxalq investorları, dövlət qurumlarını, şirkətləri və maliyyə institutlarını bir araya gətirərək Azərbaycanın investisiya imkanlarının təqdim edilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün platforma yaradır.
Panel müzakirəsinin ilk hissəsində qlobal maliyyə mühiti və onun regiona təsiri, infrastruktur və sənaye layihələrinin maliyyələşdirilməsində beynəlxalq kapitalın rolu, inkişaf bankları və investorların iştirakı, eləcə də kredit reytinqlərinin investor etimadına təsiri müzakirə olunub. Panelin ikinci hissəsi Azərbaycanın regiondakı strateji mövqeyinə həsr edilib.
Bəhruz Nağıyev çıxışı zamanı Azərbaycanda investisiya imkanlarının qiymətləndirilməsi, investor etimadının gücləndirilməsi və özəl sektorun maliyyələşdirilməsində bankların rolu barədə fikirlərini bölüşüb. O qeyd edib ki, yerli və xarici kapitalın bir araya gəlməsi investisiya mühitinin inkişafına və biznes üçün yeni maliyyələşmə imkanlarının formalaşmasına şərait yaradır.
PAŞA Bank 2007-ci ildə yaradılıb və Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biridir. Bank korporativ və kiçik və orta sahibkarlıq müştərilərinə investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi və digər maliyyə xidmətləri təqdim edir. Bankın əsas fəaliyyət istiqamətlərindən biri qeyri-neft sektorunun inkişafına və real sektorun maliyyə ehtiyaclarının qarşılanmasına töhfə verməkdir. PAŞA Bank Azərbaycandan əlavə, Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.
Bank son illərdə kapital bazarlarının inkişafını strateji prioritetlərindən biri kimi müəyyənləşdirib. 2026-cı ildə PAŞA Bankın səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) uğurla başa çatıb. IPO çərçivəsində Bank daha geniş investor bazası ilə münasibətlərin inkişaf etdirilməsi və korporativ idarəetmə və şəffaflıq standartlarının daha da gücləndirilməsini hədəfləyib.
2026-cı ilin ilk yarısının nəticələrinə əsasən, PAŞA Bankın konsolidə edilmiş aktivləri 9,98 mlrd AZN, kapitalı isə 1,01 mlrd AZN təşkil edib.