Azərbaycanda layihələr üçün 5 milyard funt sterlinq maliyyələşdirmə imkanımız var - UKEF

İqtisadiyyat Xəbər 25 Sentyabr 2026 15:44 (UTC +04:00)
Azərbaycanda layihələr üçün 5 milyard funt sterlinq maliyyələşdirmə imkanımız var - UKEF
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın İxrac Maliyyələşdirmə Agentliyi (UKEF) Azərbaycan üzrə 5 milyard funt sterlinq həcmində risk götürmə imkanına malikdir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu UKEF-in (“UK Export Finance”) Qlobal Biznesin Təşkil edilməsi üzrə həmsədri Natalya Sergeyeva cümə günü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, bir sıra perspektivli layihələr potensial və ambisiyanın olmaması səbəbindən deyil, uzunmüddətli maliyyələşməyə çıxış imkanlarının məhdudluğu səbəbindən reallaşa bilmir.

“UKEF bu problemin həllinə kömək edə bilər. Hazırda qlobal portfelimiz təxminən 60 milyard funt sterlinq təşkil edir. Azərbaycan üzrə isə 5 milyard funt sterlinq həcmində risk götürmə imkanımız var. Yəni istifadə olunmaq üçün kapital mövcuddur”, - deyə N.Sergeyeva bildirib.

O qeyd edib ki, UKEF tərəfindən təqdim olunan maliyyələşdirmə uzunmüddətli xarakter daşıyır və bu, xüsusilə infrastruktur layihələri üçün əhəmiyyətlidir.

“Biz orta hesabla layihələr üçün 15 ilədək maliyyələşdirmə müddəti təqdim edə bilirik. Təmiz enerji və digər təmiz layihələr üzrə isə bu müddət 22 ilədək çata bilər. Bu, investorlar üçün mühüm məqamdır, xüsusilə də onlar EPC podratçıları və ya məhsul alışı üzrə müqavilələr bağlayarkən”, - deyə o vurğulayıb.

N.Sergeyeva bildirib ki, UKEF-in əsas məhsullarından biri zəmanətdir və agentlik müqavilə dəyərinin 85 faizini əhatə edə bilir.

“Bizim zəmanətimiz Böyük Britaniya komponentləri ilə bağlı tələblər baxımından çevikdir. Əsas məhsulumuz zəmanətdir və müqavilə dəyərinin 85 faizini əhatə edirik. Bu 85 faizlik hissə çərçivəsində riskimizin 100 faizini dəstəkləyirik. Bu, xüsusilə böyük məbləğli iri layihələr üçün əhəmiyyətlidir və layihələrin iqtisadi səmərəliliyinə təsir göstərir”, - deyə UKEF nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, UKEF banklarla əməkdaşlıq edir və maliyyələşdirmənin qiymətləndirilməsində Böyük Britaniya hökumətinin AA kredit reytinqi mühüm rol oynayır.

“Banklar Böyük Britaniya hökumətinin kredit reytinqi – AA reytinqi əsasında kapitalın dəyərini müəyyənləşdirirlər. Buna görə də UKEF tərəfindən təmin olunan maliyyələşdirmənin iqtisadi şərtləri kifayət qədər cəlbedicidir”, - N.Sergeyeva bildirib.

O əlavə edib ki, UKEF Azərbaycanın müxtəlif sektorlar üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinə də dəstək göstərə bilər.

“Biz Böyük Britaniyada müxtəlif sənaye sahələrinə və qurumlara çıxışı olan təşkilatlarla əlaqələr yaratmağa kömək edə bilərik. Biznes və ticarət, innovasiya, elm və ticarət strukturları ilə işləyirik. Həmçinin müxtəlif sənaye sahələrində uzunmüddətli təchizat zəncirlərimiz mövcuddur”, - deyə o qeyd edib.

N.Sergeyevanın sözlərinə görə, Azərbaycan iqtisadiyyatını müxtəlif sektorlar üzrə şaxələndirməyi planlaşdırdıqca, UKEF bu prosesin ilkin mərhələlərində dəstək göstərə bilər.

“Azərbaycan sektorlar üzrə fəaliyyət dairəsini şaxələndirməyi düşündükcə, biz ilkin müzakirələrdən başlayaraq bu istiqamətdə kömək edə bilərik”, - deyə o vurğulayıb.

UKEF nümayəndəsi beynəlxalq banklar, digər ixrac kredit agentlikləri və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın əlavə kapitalın səfərbər edilməsinə imkan verdiyini bildirib.

“UKEF-in beynəlxalq banklarla işləməsi, ekspertiza təqdim etməsi, digər ixrac kredit agentlikləri və beynəlxalq maliyyə institutlarının prosesə cəlb olunması imkanların yaradılmasına və əlavə kapitalın səfərbər edilməsinə kömək edir. Kapital bazarları da mühüm alətdir və Azərbaycan layihələri və şirkətləri üçün bu, masada olan seçimlərdən biridir”, - deyə

N.Sergeyeva qeyd edib.

O Azərbaycanın iqtisadi göstəricilərini və müxtəlif sahələr üzrə layihələr portfelini müsbət qiymətləndirib.
“Biz Azərbaycanın fundamental göstəricilərinin güclü olduğunu və müxtəlif sənaye sahələrində iddialı layihələr portfelinin formalaşdığını görürük. UKEF-in əsas məqsədi hər hansı layihənin maliyyələşməyə çıxışın olmaması səbəbindən uğursuzluğa düçar olmamasını təmin etməkdir”, - deyə N.Sergeyeva əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti