Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Nyu-Yorkda keçirilən görüşdə ölkənin 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinə ev sahibliyi ilə bağlı hazırlıqlarından danışıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsində yayımladığı məlumatda bildirilib.
Azərbaycan XİN-in məlumatına görə, nazir bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının Koordinasiya Toplantısı zamanı səsləndirib.
Nazir İsmail Uld Şeyx Əhmədi İƏT-in yeni baş katibi vəzifəsinə başlaması münasibətilə təbrik edib, artan islamofobiyaya qarşı həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib.
O, regionda hərbi münaqişələrin artmasından dərin narahatlığını ifadə edərək diplomatik səylərin gücləndirilməsinə və dünya üzrə müsəlman icmalarına qarşı ayrı-seçkilik və zorakılıqla mübarizə aparmaq üçün İƏT çərçivəsində birgə fəaliyyətə çağırıb.
Nazir Bayramov 2027-ci ildə Azərbaycanda keçiriləcək İƏT sammitinə hazırlıq üzrə institusional tədbirlər barədə məlumat verib.
